Rical elminə olan ehtiyac

Şeyx Hürr Amili “Vəsailuş-şiə”də, “Dəstəmaz” bablarından 1-ci babda, 1-ci hədisdə belə nəql edir:

محمد بن الحسن باسناده، عن الحسين بن سعيد، عن حماد بن عيسى، عن حريز، عن زرارة، عن أبي جعفر عليه السلام قال: لا صلاة إلا بطهور.

Məhəmməd ibn Həsən öz sənədi ilə Hüseyn ibn Səiddən, o, Həmmad ibn İsadan, o, Hərizdən, o, Zürarədən, o da Əbu Cəfərdən (ə) belə nəql edir: “Təharətsiz namaz yoxdur”.

Hər hansı bir fəqih bu hədis əsasında “dəstəmazsız qılınan namaz batildir” hökmünü ələ gətirmək istəsə, gərək aşağıda qeyd olunan mərhələləri keçsin.

İlk növbədə hədisin zahiri qeyd olunan hökmə dəlalət etməlidir. Qeyd olunan nümunədə hədisin zahirinin “dəstəmazsız qılınan namaz batildir” hökmünə dəlalət etdiyi məlum olur. Bu zaman ortaya yeni bir sual çıxır. Görəsən, hədisin zahiri höccətdirmi? Buna görə də fəqih ilk öncə hədisin zahirinin höccət olmasını isbat etməlidir. Bu isə üsuli-fiqh elmində bəhs olunan mövzudur. Fəqih üsuli-fiqhdə bu mövzunu araşdırmalı və “zühur”un höccət olması üçün təqdim olunan dəlilləri gözdən keçirməlidir. Bu dəlillər fəqih üçün qənaətbəxş olarsa və ya “zühur”un höccət olmasına fəqihin özünün əlavə dəlilləri mövcuddursa, o zaman hədisin zahiri fəqih üçün höccət olur və bununla da hədisin zahirindən şəri hökm əldə edir. Hədisin zahirindən dəlil ələ gətirməyin yolu isə fəqihin ictihadına və elmi məlumatlarına görə dəyişir. Fəqihin şəri hökm əldə etməsi üçün təkcə hədisin zahirinin höccət olması kifayət etmir. Çünki şəri hökm əldə etmək üçün hədisin zahirinin höccət olmasından əlavə və ilk növbədə, təqdim olunan hədisin özünün höccət olub-olmaması araşdırılmalıdır. Əgər hədis mütəvatir həddə nəql olunmayıbsa, o zaman xəbəri-vahidin (mütəvatir olmayan xəbərin) höccət olub-olmaması araşdırılacaq. Bu da üsuli-fiqh elmində bəhs edilən mövzulardan biridir. Xəbəri-vahid olan hədisin qəbul edilməsində ən önəmli məsələ hədisin siqə (etimad olunan) şəxslər vasitəsilə nəql olunmasıdır. Yuxarıda misal olaraq qeyd edilən hədisin siqə şəxslər vasitəsilə nəql edilib-edilməməsini araşdırmaq üçün fəqih rical elminə müraciət etməlidir. Məhz rical elminə müraciət etməklə fəqih bu hədisin ravilər silsiləsində qeyd olunmuş ravilərin siqə olub-olmadığını anlaya bilər. Qeyd etdiklərimizi daha ətraflı izah etmək üçün yuxarıda zikr etdiyimiz hədisin rical elmi əsasında tətbiqinə baxaq:

Zikr olunan sənədin halını bilmək üçün əvvəlcə Məhəmməd ibn Həsənin (Şeyx Tusinin) Hüseyn ibn Səidə olan sənədinə müraciət etməliyik. Beləliklə, “Təhzib”in “məşyəxə” bölümündə (kitabın sonunda müəllifin ravilərə qədər olan şeyxlərinin qeyd olunduğu bölmə), cild 10, 63-cü səhifədə Şeyx Tusi deyir: “Bu kitabda Hüseyn ibn Səiddən zikr etdiklərimi (nəql etdiklərimi) mənə Şeyx Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Noman (Şeyx Mufid) və Hüseyn ibn Abdullah[1], Əhməd ibn Abdun[2] xəbər verdi. Hamısı da Əhməd ibn Məhəmməd ibn Həsən ibn Vəliddən nəql edib. O da öz atası Məhəmməd ibn Həsən ibn Vəliddən nəql edib.  Həmçinin mənə Əbu Hüseyn Əbu Ceyd əl-Qummi xəbər verdi ki, o da Məhəmməd ibn Həsən ibn Vəliddən, o da Həsən ibn Əbandan, o da Hüseyn ibn Səiddən nəql edib”.

Bu söz onu göstərir ki, Şeyx Tusinin Hüseyn ibn Səidə olan hər iki yolu Məhəmməd ibn Həsən ibn Vəliddə bitir:

1. Şeyx Mufid Əhməddən, o da atası Məhəmməd ibn Həsən ibn Vəliddən (nəql edib).

2. İbn Əbu Ceyd Məhəmməd ibn Həsən ibn Vəliddən (nəql edib).

Məhəmməd ibn Həsən ibn Vəlid də Hüseyn ibn Həsən ibn Əbandan, o da Hüseyn ibn Səiddən nəql edir. Hər iki yol onu zəif çıxara bilər.

İlk yol: bir tərəfdən Əhməd ibn Məhəmməd ibn Həsən ibn Vəlid haqqında xüsusi tövsiq görünməyib. Əlbəttə, “şeyxuxətul-icazə”[3] qaydasına söykənsək, kifayətdir ki, zikr olunan yerdə onun vəsaqətinin isbatına hökm edə bilək.

İkinci yol: Həmçinin İbn Əbu Ceyd haqqında da xüsusi tövsiq gəlməyib.

Bəli, o özü icazə şeyxlərindən və Nəcaşinin şeyxidir. İstər bütün icazə şeyxlərinin siqə olduğunu qəbul etsək, istərsə də Nəcaşinin şeyxlərinin hamısının siqə olması nəzərini qəbul etsək, o zaman bu şəxsin siqə olduğu isbatlanacaq. Yəni bu icazəni və ya Nəcaşinin şeyxlərinin siqə olmasını qəbul etsək, Əbu Ceydin də vəsaqəti bizə sabit olacaq.

Əgər bütün bunlara göz yumsaq belə, yenə də müşkül həll olmadan qalacaq. Çünki hər iki yol Hüseyn ibn Həsən ibn Əbana gedib çıxır və onun da siqəliyi sabit olmayıb.

Yekunda zikr olunan bu iki yol və ya iki yoldan biri səhih olsa, bu məsələ sabit olacaq. Əgər olmazsa, o zaman qayıdırıq Şeyx Tusinin “Fihrist” kitabına, çünki orada Şeyx Tusi hədis ravilərinə gedib çıxan daha çox yol zikr edir. Belə ki, 58-ci səhifədə Hüseyn ibn Səidə gedib çıxan başqa bir yol qeyd edir. Belə ki, o yazır: “(Alim) yoldaşlarımızdan bir hissəsi bizə Məhəmməd ibn Əli ibn Hüseyndən, o da atasından, (həmçinin) Məhəmməd ibn Həsəndən və Məhəmməd ibn Musa ibn Mütəvəkkildən, o da Səid ibn Abdullahdan və Himyəridən, o da Əhməd ibn Məhəmməd ibn İsadan, o da Hüseyn ibn Səiddən xəbər verdi”.

Bu zikr olunan yol isə səhihdir. Çünki “yoldaşlarımızdan bir hissəsi” o deməkdir ki, bunu sayı üç nəfərdən az olmayan şəxslərdən nəql etmişdir. Bildiyimiz kimi, ərəb dilində çoxluq ən azı üç nəfərdən ibarət olmalıdır ki, cəm halda zikr olunsun. Biz də Şeyx Tusinin şeyxlərindən üçünün də yalan üzərində cəm olmasını ehtimal etmirik.

Məhəmməd ibn Əli ibn Hüseyn Şeyx Səduqdur və o, böyük məqamlı, siqə bir şəxsdir.

O da üç nəfərdən nəql edir. Onlar (üç nəfər): atası (Əli ibn Hüseyn ibn Babaveyh), Məhəmməd ibn Həsən və Məhəmməd ibn Musa ibn Mütəvəkkildir. Bunlardan birinin siqə olması bizim üçün kifayətdir. Onlardan ikisi – Şeyx Səduqun atası və Məhəmməd ibn Həsən ibn Vəlid siqədir.  Şeyx Səduqun nəql etdiyi üç nəfər isə Səid ibn Abdullah və Himyəridən nəql edirdilər. Səid və Himyəri isə ali məqamlı siqələrdəndir. Hərçənd ki birinin vəsaqəti bizə kifayətdir. Bu ikisi də Əhməd ibn Məhəmməd ibn İsadan nəql edirdilər. Əhməd ibn Məhəmməd ibn İsa isə siqədir. Nəticədə, Şeyx Tusinin Həsən ibn Səidə olan yolunu (bağlantısını) səhih hesab etmək olar.

Hüseyn ibn Səiddən İmama (ə) olan sənədə gəlincə isə Hüseyn ibn Səid Əhvazi çoxlu kitab sahibidir. Şeyx Tusi “Fihrist” kitabında, səhifə 58-də deyir: “O, siqədir”.

Həmmad ibn İsaya gəlincə də Nəcaşi onun haqqında belə deyir: “Nəql etdiyi hədislərdə siqə və dürüst idi”.

Hərizə barədə Şeyx Tusi onun haqqında belə deyir: “O, siqə idi və Kufədəndir”.

Zürarə - Onun haqqında İmam Sadiqin (ə) tərifi bizə kifayətdir. Belə ki, tərif edilən dörd nəfərdən birinin Zürarə olduğu hədisdə İmam (ə) buyurur: “Bu böyük şəxsləri cənnətlə müjdələ: Bureyd ibn Muaviyə əl-İcli, Əbu Bəsir - Leys ibn Bəxtəri əl-Muradi, Məhəmməd ibn MüslimZürarə. Bu dörd nəcib şəxs Allahın halal və haramında olan əminləridir. Onlar olmasaydı, nübüvvətin izləri aradan gedəcək və yox olacaqdı“.[4]

Məlum oldu ki, bu hədisi nəql edən bütün ravilər siqə və imamiyyə əqidəsində olan şəxslərdir. Fəqih rical elminin tətbiqi sayəsində əldə etdiyi bu məlumatlarla zikr olunan hədisin dirayə elminin qaydalarına uyğun olaraq səhih olmasına hökm edə bilər. Bütün bunlardan sonra isə fəqih bu hədis əsasında dəstəmazsız qılınan namazın batil olmasına hökm edə bilər.

Qeyd: Yuxarıda qeyd edilənlərdən belə başa düşülməməlidir ki, hər hansı bir rəvayətin isnadının doğruluğu (səhih və ya zəif olması) haqqında məlumat əldə etmək üçün rəvayətin sənədindəki şəxslərin doğru danışan olub-olmamasını yalnız Şeyx Tusi və ya Nəcaşinin şəhadəti əsasında isbatlamaq olar. Çünki vəsaqət (bir şəxsin siqə olması) yalnız Şeyx Tusinin və ya Nəcaşinin şəhadəti ilə məhdudlaşmır. Ravinin siqə olmasını isbatlamaq üçün digər çoxlu yollar da mövcuddur.[5]

Şeyx Fəqan Məmmədov

Hadis.az


[1] İbn Ğəzairi kimi tanınır, Şeyx Tusinin ustadıdır.

[2] Onun haqqında tövsiq varid olmayıb. Əgər şeyxlərinin icazəsini tovsiq əlaməti kimi qəbul etsək, onun siqə olmasını isbat etmək mümkündür. Çünki o, Nəcaşinin şeyxidir. İnşallah, ümumi tovsiq bölməsində bu barədə ətraflı bəhs edəcəyik. Burada isə qeyd olunmuş üç şəxsdən birinin vəsaqəti kifayətdir.

[3] Hədis şeyxlərinin rəvayət icazəsi

[4] Seyid Əbülqasim Xoyi, Mucəmu ricalil-hədis, c. 8, səh. 229.

[5] Bu məqalədə Şeyx Baqir İrəvaninin “Durusun təmhidiyyətun fil-qəvaidir-ricaliyyə” kitabından istifadə olunmuşdur.

Qeyd olunan kitablar

Tövsiyə olunan

Hədis qəbulunda “məsləkul-vüsuq” prinsipi

Hədis qəbulunda “məsləkul-vüsuq” prinsipi

Rical elminin yaranması

Rical elminin yaranması

Rical elminə olan ehtiyac

Rical elminə olan ehtiyac

Rical elmi nədir?

Rical elmi nədir?

Şeyx Səduqun həyatı

Şeyx Səduqun həyatı