Vahid xəbərlər - müstəfiz

2) Müstəfiz

Müstəfiz sözü leksik olaraq yayğın və çox olan mənası ifadə edir.

Hədis alimlərinin nəzərində isə müstəfiz termininə müxtəlif təriflər verilmişdir. Şeyx Maməqani (r) “Miqbasul-hidayə” kitabında belə yazır:

“Müstəfiz xəbər odur ki, onun ravilərinin sayı hər mərtəbədə (təbəqədə) çox olsun. Əksər alimlərə görə, bu ravilərin hər təbəqədə sayı üçdən, bəzilərinə görə isə ikidən çox olmalıdır. Deməli (hər təbəqədə) üç ravinin nəql etdiyi hədis ikincilərə görə müstəfiz, birincilərə görə isə qeyri-müstəfizdir”.[1]

Deməli, əksər alimlərə görə, müstəfiz xəbər odur ki, onun raviləri hər təbəqədə azı dörd nəfər olsun. Əlbəttə, bu şərtlə ki, mütəvatir həddinə yetişməsin.

Müstəfiz hədislərə bəzən məşhur hədislər də deyilir. Lakin bu, müstəfiz xəbərlərin məşhur xəbərlərlə eyni olduğunu göstərmir. Məşhur xəbərlər daha ümumi məna ifadə edir. Məsələn, “Əməllər niyyətə bağlıdır” hədisi məşhur olsa da, müstəfiz deyildir. Çünki bu hədisin ravilərinin sayı orta təbəqədən etibarən çoxalmağa başlamışdır.

Müstəfiz xəbər əminlik ifadə edə bilərmi?

Şeyx Maməqani (r) bu barədə belə yazır:

“Daxili və xarici qərinələrin (əlamətlərin) köməyi ilə müstəfiz xəbərlərin əminlik ifadə etməsi mümkündür. Əlbəttə, bu şərtlə ki, əminliyə səbəb (yalnız) ravilərin çoxluğu olmasın. Əks halda, belə bir xəbər mütəvatir hesab olunmalıdır”.[2]

Müstəfiz xəbərlərin mötəbərliyi

Vahid xəbərlər arasında zənn ifadə etmə baxımından ən güclü olanlar müstəfiz xəbərlərdir.[3] Hətta böyük şiə alimlərindən olan Seyid Mirdamad (v. 1041 h.q.) müstəfiz xəbərlər barədə belə yazır:

“Hədisin təriqləri çox və sənədləri müxtəlif olduqda hədis alimlərinin adəti budur ki, onun sənədinin səhihliyinə və ravilərinin təhlilinə diqqət etməzlər (əhəmiyyət verməzlər). Bu cür hədislər onların nəzərində (bir növ) mütəvatir xəbərlərə aid edilir. Buna görə də Şeyxut-taifə (Şeyx Tusi) “Təhzib” və “İstibsar” əsərlərində bu xüsusiyyətə malik hədislər barəsində çox vaxt belə yazır:

“Bu (səbəblər) hədisi vahid xəbərlər qismindən çıxarıb mütəvatir xəbərlərin qisminə daxil edir”.

(Əlbəttə) Bu məsələnin dərk edilməsi yalnız ixtisas sahiblərinin səlahiyyət dairəsinə daxildir”.[4]

Bununla yanaşı, müstəfiz xəbərlər nə qədər güclü hesab olunsa da, həmçinin bəzi hədis alimləri bu qəbildən olan hədislərin sənədlərinin ayrıca təhlilinə ehtiyac görməsələr də, onların vahid xəbərlər qismindən sayılması daha əsaslı və mötəbər rəy kimi qəbul edilir.

Əli Abdullah

Hadis.az


[1] Maməqani, Miqbasul-hidayə, c. 1, səh. 128.

[2] Həmin mənbə, səh. 131.

[3] Seyid Xırsan, Muhazaratun fi elmil-hədisil-muqarən, c. 1, səh. 75.

[4] Mirdamad, Ər-Rəvaşihus-səmaviyyə, səh. 193.

Tövsiyə olunan

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

Vahid xəbərlər - müstəfiz

Vahid xəbərlər - müstəfiz

İlkin terminlər - xəbər, əsər, rəvayət

İlkin terminlər - xəbər, əsər, rəvayət

Mütəvatir xəbər - leksik və terminoloji mənası

Mütəvatir xəbər - leksik və terminoloji mənası

Xəbərlərin bölgüsü

Xəbərlərin bölgüsü