Hədis qəbulunda “məsləkül-vəsaqə” prinsipi

“Məsləkül-vəsaqə” xəbəri-vahidin dəlil sayılmasında məqbul olan iki əsas elmi təməldən biri hesab olunur. Bu təməl prinsiplə tanış olmazdan öncə xəbərin “təvatür” və “vahid” olaraq iki hissəyə bölünməsi və bunlar arasındakı fərq barədə qısa da olsa məlumat vermək zəruridir. Bu səbəbdən də ilk olaraq “məsləkül-vüsuq” prinsipi barədə olan yazımızın[1] əvvəlində qeyd etdiyimiz qısa məlumatı burada da qeyd etməyi münasib görürük:

Hədislər onlara etimad edib mötəbər bilmək cəhətindən yəqin ifadə edib-etməməyə görə ilk olaraq mütəvatir və xəbəri-vahid deyə iki qismə bölünürlər. Mütəvatir onu nəql edənlərin çoxluğu səbəbindən onların yalan üzərində birləşmələrinin mümkün olmadığı və ya etina edilməyəcək dərəcədə zəif ehtimal olduğu bir xəbərə deyilir.[2] Mütəvatir xəbərin höccət və dəlil olması elə onun yəqin ifadə etməsindən, yaxud xəbərin məzmunun əksinin ona etina edilməyəcək dərəcədə çox zəif ehtimal olmasından qaynaqlanır. Mütəvatir xəbərin höccət olması o qədər açıq-aşkar bir mövzu olmuşdur ki, adətən alimlər üsuli-fiqh kitablarında bu mövzuya toxunmağa belə ehtiyac görməmiş, yalnız çox nadir hallarda mütəvatirin qisimləri barədə müəyyən müzakirələr açmışlar.[3] Yalnız son dövrlərdə bəzi böyük üsul təhqiqatçıları təvatürün yəqin ifadə etməsinin mənşəyini formal məntiqdə qeyd edildiyi kimi birbaşa ağılın hökmünə əsasən deyil, induktiv məntiqdə qeyd edilən induktiv yolla sabit olduğunu bildirmək üçün öz üsuli-fiqh araşdırmalarında mütəvatir xəbərin höccət olması mövzusuna toxunublar.[4]

Mütəvatir olmayan, yəni yəqin ifadə etməyən, yaxud əksi etina edilməyəcək dərəcədə zəif ehtimala malik olmayan xəbər “xəbəri-vahid” adlanır. Bu ifadə hər nə qədər də “bir nəfərin xəbəri” mənasını versə də, termin olaraq mütəvatir olmayan hər bir hədisə şamil olur. Xəbəri-vahid öz-özlüyündə zənn ifadə edir. Onun höccət və dəlil olması özündən qaynaqlana bilmir və əlavə isbata ehtiyac duyur. Bu səbəbdən də dəlillərin dəlillik dərəcəsini araşdıran elmlərdən biri olan üsuli-fiqhdə xəbəri-vahidin höccət olub-olmaması qədim zamanlardan geniş müzakirə mövzusuna çevrilmiş və üsul kitablarının ən mühüm araşdırmalarından olmuşdur.

Xəbəri-vahidin hansı qisminin höccət olması barədə ən əsas iki prinsip (məbna) mövcuddur. Bunlardan biri “məsləkül-vüsuq”, digəri isə “məsləkül-vəsaqə” adı ilə məşhurdur.

İki əsas təməl prinsipdən biri olan “məsləkül-vəsaqə” prinsipinə əsasən, xəbəri-vahid şəklində nəql olunmuş hədisin mötəbər olması üçün əsas şərt onun ravilərinin siqə (etimad olunan şəxs) olmasıdır. Bəzi alimlər isə ravinin adil olmasını, yəni zahirdə şəriət qayda-qanunlarına əməl edən biri olmasını şərt biliblər. Bu prinsipə əsasən, hədisin mötəbər olması üçün nəql edilmiş mətnin doğruluğuna əminliyin hasil olması şərt deyil. Yəni nəql olunmuş xəbərin raviləri etimad olunan (siqə) şəxs olduğu təqdirdə o xəbər artıq mötəbər sayılır. Hətta onun mətninin doğru olmasına əminlik hasil olmasa belə. Məhz bununla “məsləkül-vəsaqə” “məsləkül-vüsuq”dan fərqlənmiş olur.

Beləliklə, “məsləkül-vəsaqə” prinsipinə görə, siqə (güvənilən) ravi (və ya ravilər) tərəfindən məsumdan nəql edilən hədis höccət sayılır və ona əməl olunmalıdır. Hədisin mətninin qəribə olması, yaxud mətnin həqiqətə uyğun olmasına əminliyin yaranmaması onun höccət olmasına mane olmur.

Lakin bütün bunlarla yanaşı bunu da qeyd edək ki, nəql olunmuş hədisin mətninin həqiqətə uyğun olmamasına yəqinimiz və ya itminanımız (əminliyimiz) olduğu təqdirdə “məsləkül-vəsaqə” prinsipinə əsasən belə hədis etibarlı sayılmır. Buna səbəb isə xəbəri-vahid halında nəql olunmuş hədisin zənn ifadə etməsi, mətnin həqiqətə uyğun olmamasına isə yəqinimiz və ya əminliyimizin olmasıdır. Bu halda yəqin və itminan (əminlik) zəndən üstün olduğu üçün önə keçəcək və biz yəqinimiz və ya əminliyimiz olan məlumata əməl etməli olacağıq.

“Məsləkül-vəsaqə” mütəəxxir (son dövr) alimlərin bir çoxunun qəbul etdiyi yoldur. Buna misal olaraq isə Seyid Əbülqasim Xoyini və onun tələbəsi olmuş bir çox böyük alimləri göstərmək olar.

“Məsləkül-vəsaqə”ni qəbul edən alimlər bu yolun doğruluğu üçün bir çox dəlillər təqdim etmişlər. Üsuli-fiqh elmində bu dəlillər geniş şəkildə müzakirə olunur. Biz isə burada bu dəlillərdən yalnız ikisini qeyd qeyd etməklə kifayətlənirik:

  1. “Sirətül-üqəla” (ağıl sahiblərinin davranışı) – Ağıl sahiblərinin davranışından məqsəd onların öz gündəlik həyatlarında və cəmiyyətdə qəbul etdikləri davranış qaydaları, prosedurlar və əsaslandıqları prinsiplərdir. Bunlar hər bir dövrdə yaşamış ağıl sahiblərinin gündəlik həyatlarında daim qarşılaşdıqları müxtəlif situasiyalara verdikləri əməli qarşılıqlardır. Ağıl sahibləri daim bu prinsiplərdən qaynaqlanan davranışlara əsaslanır və mübahisəli vəziyyətlərdə qərar vermək üçün bu prosedurları bir meyar kimi istifadə edirlər. Məsələn, fikirlərin ifadəsi üçün istifadə edilən sözün zahirinin, hamı tərəfindən ilk anlaşılan mənasının höccət olması kimi. Ağıl sahibi olan insanlar öz gündəlik həyatlarında bir-biriləri ilə ünsiyyətdə olarkən sözlərdən istifadə edir və bu zaman qarşı tərəfin sözünün zahiri mənasını əsas götürürlər. Öz aralarında olan hər hansı bir sözün mənası barədə olan mübahisəli vəziyyətlərdə də əsas meyar olaraq sözün zahiri mənasından istifadə edirlər. Sözün zahiri mənasının höccət olması deyildikdə də məhz bu nəzərdə tutulur. Deməli, sözün zahiri mənasının əsas götürülməsi ağıl sahiblərinin davranışlarından – “sirətül-üqəla”dan biridir.

Bura qədər deyilənlərdən “sirətül-üqəla”nın ağıl sahibləri arasında əsas meyar olması anlaşıldı. Lakin müqəddəs şəriətimizdə bunun əsas götürülməsinin və höccət sayılmasının əlavə isbata ehtiyacı var. “Sirətül-üqəla”nın şəriətdə höccət olmasının meyarı barədə iki əsas baxış mövcuddur. Bu baxışlardan birinə görə, ağıl sahiblərinin davranışlarında əsas götürdükləri prinsiplərə dair ilkin bilgilər onlarda Allah tərəfindən yerləşdirilmişdir. Məhz bu əsas bilgilərə söykənərək ağıl sahibləri həyatlarında müəyyən prinsiplər və adətlər formalaşdırırlar. Əgər bu adətlərdə yanlış bir istiqamət mövcud olsaydı, şəriət sahibi bunu açıq şəkildə bəyan edərdi. Lakin belə bir bəyanın olmaması göstərir ki, həmin adətlər şəriət sahibinin ağıl sahiblərində yerləşdirdiyi əsas bilgilərə istinadən formalaşmışdır. Bu prinsiplər dolayı yolla elə şəriət sahibinə qayıtdığı üçün höccət sayılır.

“Sirətül-üqəla”nın höccət olmasını əsaslandıran digər bir baxış isə ağıl sahiblərinin gündəlik həyatlarında formalaşdırdıqları davranış adətləri qarşısında şəriət sahibinin sükutuna dayanır. Belə ki, müqəddəs şəriətimizdə cahil olan şəxsə doğru yolu göstərmək,[5] eləcə də yaxşılığa əmr edib pislikdən çəkindirmək[6] vacib sayılmışdır. Əgər ağıl sahibləri öz davranış adətlərində şəriətə zidd bir istiqamət götürmüş olsaydılar, Peyğəmbərin (s) və imamların (ə) vəzifəsi onları bu yanlışdan çəkindirmək və doğru yolu onlara bəyan etmək olardı. Təbii ki, burada məsumların (s) təqiyyə səbəbilə bu işi yerinə yetirməsinə mane ola biləcək hər hansı bir şəriət üzrünün olmaması şərtdir. Ağıl sahiblərinin gündəlik həyatlarında adət halını almış bir davranışın qarşısını almaq üçün isə məsumlar (ə) dəfələrlə bu işdən çəkinməyin zəruriliyini bildirməli və buyurduqları sözlərdən bir hissəsi günümüzə qədər bizə çatmalı idi. Məsələn, məsumların (ə) dövründə müəyyən fiqhi cərəyanlar tərəfindən şəriət hökmlərinin yanlış qiyas metodu ilə istidlal olunmasına qarşı onlar o qədər təkrar-təkrar xəbərdarlıq etmişlər ki, bəzi alimlərin qeyd etdiyinə görə, bu barədə təxminən beş yüz hədis gəlib çatmışdır. Bu, bir qrup tərəfindən istifadə olunan yanlış bir metod idi və imamlar (ə) bu metodun tətbiqinə qarşı çıxmaq üçün çoxsaylı hədislər buyurmuşdular. Halbuki “sirətül-üqəla” ağıl sahiblərinin, yəni əksər insanların gündəlik həyatlarında əməli şəkildə həyata keçirdikləri davranışlardan ibarətdir. Əgər bu davranışlardan hər hansı biri yanlış olsaydı və insanların adət halına gəlmiş əməlinə çevrilsəydi, məsumlar (ə) onları bu işdən çəkindirmək üçün çoxlu hədislər buyurardılar. Əks təqdirdə, onların hər hansı bir şəri üzr olmadan sakit qalması ağıl sahiblərinin gördüyü işlə razı olmaları və o işin şəriətə uyğun olmasının göstəricisi sayılmış olacaqdı. Onların geniş yayılmış olan davranış adətini aradan qaldırmaq üçün dedikləri çoxlu hədislərdən bir hissəsi isə istər-istəməz günümüzə gəlib çatacaqdı. Çünki bu çoxluqda deyilən hədislərdən az bir hissəsinin belə günümüzə gəlib çatmaması inandırıcı görünmür. Əgər günümüzə belə bir hədislər gəlib çatmayıbsa, bu, məsumların (ə) bu məzmunda hədis deməməsinə əminlik yaratmış olur. Buna görə də hər hansı bir “sirətül-üqəla”nın yanlışlığı barədə məsumlardan (ə) hədislərin nəql olunmaması, o işin şəriətə uyğun olmasını bildirmiş olur. Bu da öz növbəsində bu işin höccət olmasını göstərir.

Siqə şəxsin xəbərinə etibar etmək ağıl sahiblərinin gündəlik həyatda müxtəlif sahələrdə istifadə etdikləri davranışlardan biridir. Hətta Peyğəmbər (s) və imamların (ə) dövründə yaşamış şəxslərin hamısının onların kəlamlarını birbaşa özlərindən eşitməsi və buna əsasən əməl etməsi qeyri-mümkün idi. Çünki onların çoxu uzaq bölgələrdə yaşayırdı. Məsumlarla (ə) eyni yerdə yaşayan şəxslər üçün belə, qarşılaşdıqları hər bir məsələ ilə bağlı hökmü öyrənmək üçün onların (ə) hüzuruna gedib birbaşa soruşmaq mümkün deyildi, xüsusən də qadınlar üçün. Deməli, həmin dövrdə məsumların (ə) kəlamlarını əksər insanlar siqə (güvənilən) bildikləri şəxslərdən əxz edər və onun əsasında əməl edərdilər. Məsumlar (ə) da onları bu işdən çəkindirməmişdilər. Bu da onların (ə) əməli olaraq bu işi imzalamalarını, təqrir etmələrini bildirir. Nəticədə, siqə şəxsin xəbəri “sirətül-üqəla”ya əsasən höccət olur.[7]

  1. Əhli-beytdən (ə) təvatür həddində nəql olunmuş hədislər xəbəri-vahidin (mütəvatir həddə çatmayan hədislərin) höccət olmasını bildirir. Alimlər bu hədisləri müxtəlif qruplarda hədislər toplusu şəklində müfəssəl üsuli-fiqh kitablarında cəm etmişlər.[8] Həmin hədis toplularından bir qrupu siqə şəxsin xəbərinə əməl etməklə bağlıdır. Buna aşağıdakı hədisi misal vurmaq olar:

فَإِنَّهُ لاَ عُذْرَ لِأَحَدٍ مِنْ مَوَالِينَا فِي اَلتَّشْكِيكِ فِيمَا يُؤَدِّيهِ عَنَّا ثِقَاتُنَا

İmam Mehdi (ə) buyurub: “Bizim dostlarımızdan heç birinin siqələrimizin bizdən onlara çatdırdıqları xəbərlərə şəkk etməkdə üzrü yoxdur”.[9]

Şeyx Hürr Amili bu hədislərin təvatür həddində olduğunu qeyd edir.[10] Seyid Xoyi siqənin xəbərinə əməl etməyi əmr edən hədislərin təvatür həddə olmasını ustadı Mühəqqiq Nainidən nəql etsə də, bu hədislərin təvatür həddində olmasını uzaq görüş saymışdır.[11]

Siqə şəxsin xəbərinin höccət olmasını hədislər ilə isbatlamağın başqa bir yolu Axund Xorasani tərəfindən qeyd edilmiş, ondan sonra gələn bir qrup alim də bu yolu qəbul etmişdir.[12] Həmin yol belədir: təvatür həddində olan hədislər xəbəri-vahidin höccət olmasını bildirmişdir. Bu hədislər ən azından səhih xəbərin[13] höccət olmasına dəlalət edir. Səhih sənədlə gəlmiş bəzi hədislər isə siqə şəxsin xəbərinin höccət olmasını bildirir. Bu hədislərdən biri aşağıda qeyd olunan hədisdir:

قُلْتُ لِأَبِي اَلْحَسَنِ اَلرِّضَا عَلَيْهِ السَّلاَمُ‌: جُعِلْتُ فِدَاكَ إِنِّي لاَ أَكَادُ أَصِلُ إِلَيْكَ أَسْأَلُكَ عَنْ كُلِّ مَا أَحْتَاجُ إِلَيْهِ مِنْ مَعَالِمِ دِينِي، أَ فَيُونُسُ بْنُ عَبْدِ اَلرَّحْمَنِ‌ ثِقَةٌ آخُذُ عَنْهُ مَا أَحْتَاجُ إِلَيْهِ مِنْ مَعَالِمِ دِينِي‌؟ فَقَالَ‌: نَعَم.

(Məhəmməd ibn İsa deyir:) İmam Rzaya (ə) dedim: “Sənə fəda olum, mən dini bilgilərimdə ehtiyac duyduğum şeylər barədə sual vermək üçün həmişə sənin hüzuruna gələ bilmirəm. Yunis ibn Əbdürrəhman siqədirmi? Dini bilgilərimlə bağlı ehtiyacım olan məlumatları ondan götürümmü?” İmam (ə) buyurdu: “Bəli”.[14]

Bu hədisdə ravi Yunis ibn Əbdürrəhmanın siqə olub-olmamasını İmamdan (ə) soruşur. Aydın olur ki, siqə şəxsin sözünə əməl etməyin icazəli olması ravi üçün tam aydın bir məsələ idi. O yalnız Yunisin siqə olub-olmadığını bilmirdi. İmam (ə) da öz növbəsində ravinin zehnində yerləşmiş fikir olan siqə şəxsin sözünə əməl etməyin caiz olmasını inkar etməmiş, əksinə, bu məlumatın doğruluğunu Yunisin siqəliyini bildirməklə təsdiqləmiş və şəxsin öz dini məlumatlarını ondan götürə biləcəyini bəyan etmişdir. Bu da siqə şəxsin sözünün höccət olmasını bildirir.

Siqə şəxsin xəbərinin höccət olması ilə bağlı bu qeyd etdiklərimizdən əlavə dəlillər və onlar barədə geniş müzakirələr təfsilatlı şəkildə yazılmış üsuli-fiqh kitablarında mövcuddur. Lakin biz burada hədis qəbulunda “məsləkül-vəsaqə”ni seçmiş alimlərin ən öndə gedənlərindən biri olan Seyid Əbülqasim Xoyinin sözünü nəql etməklə kifayətlənirik:[15]

“Qeyd etdiklərimizdən məlum olur ki, xəbəri-vahidin höccət (dəlil) olmasında əsas meyar “sirətül-üqəla”dır və bu dəlillə bağlı qeyd edilən iradların hamısı əsassızdır. Gizli deyil ki, “sirətül-üqəla”ya əsasən, səhih, həsən[16] və müvəssəq[17] hədislər dəlil hesab olunur. Belə ki, bu üç növ xəbərə əməl etmək ağıl sahiblərinin davranışlarının əsaslandığı bir şeydir. Əgər mövlanın əmri ədalətli bir şəxs tərəfindən, yaxud da fasiqliyi və ədaləti aşkar olmayan mədh olunmuş imamiyyə məzhəbli bir şəxsin nəqli ilə, ya da imamiyyə məzhəbinə mənsub olmayan, lakin etibarlı bir şəxsin nəqli ilə çatdırılarsa, ağıl sahibi olan insanların nəzərində bəndə mövlanın əmrini yerinə yetirməməkdə üzrlü sayılmaz. Bəli, zəif hədis dəlil olma mövzusundan kənardadır, çünki ağıl sahibi olan insanlar qəti olaraq ona əməl etmirlər. Bununla yanaşı, sirətül-üqəlanın zəif hədisə əməl etmək üzərində qurulub-qurulmadığına dair şübhə onun dəlil olmaması hökmü üçün kifayətdir”. [18]

            Nəticə olaraq, Seyid Xoyinin yuxarıda nəql olunan sözlərindən də anlaşıldığı kimi, “məsləkül-vəsaqə” prinsipinə əsaslanan şəxslərə görə siqə şəxsin xəbərinə əməl etmək özü bir öhdəlikdir. Bu öhdəlikdən qaçmaqda isə mükəlləf üçün üzr yoxdur. Yalnız yuxarıda qeyd etdiyimiz və geniş kitablarda qeyd edilən müəyyən yerlər siqənin xəbərinə əməl etməmək üçün üzr sayılır. Bunlar da istisna sayılan az yerlərdir.

Şeyx Fəqan Məmmədov

Hadis.az

 

[1] Bu məqalə saytımızın rical bölməsində “Hədis qəbulunda məsləkul-vüsuq prinsipi” başlığı ilə yerləşdirilmişdir:

https://www.hadis.az/read/hedis-qebulunda-meslekul-vusuq-prinsipi

[2] Burada qeyd olunmuş “ağılın onların yalan üzərində birləşmələrini qeyri-mümkün sayması və ya onların yalan üzərində birləşmələrinin etina edilməyəcək dərəcədə zəif ehtimal olması” cümləsində olan fərq iki məntiq cərəyanı olan Aristotel məntiqi kimi tanınan formal məntiq ilə induktiv məntiqdə mütəvatir xəbərə olan baxışdakı fərqdən qaynaqlanır.

[3] Müraciət et: Seyid Əbülqasim Xoyi (Mühəqqiq Naininin mühazirələrinin təqriri), Əcvədut-təqrirat, c. 2, səh. 112.

[4] Müraciət et: Seyid Məhəmmədbaqir Sədr, Buhusun fi elmil-usul, c. 4, səh. 327-335.

[5] “İrşadul-cahilin”.

[6] “Əl-əmru bil-məruf vən-nəhyu ənil-munkər”.

[7] Müraciət et: Seyid Əbülqasim Xoyi, Misbahul-usul, c. 2, səh. 196-197.

[8] Müraciət et: Şeyx Ənsari, Fəraidul-usul, c. 1, səh. 297-309.

[9] Şeyx Tusi, İxtiyaru-mərifətir-rical, c. 2, səh. 816.

[10] Hürr Amili, Vəsailuş-şiə, c. 30, səh. 244.

[11] Seyid Əbülqasim Xoyi, Misbahul-usul, c. 2, səh. 192.

[12] Müraciət et: Həmin mənbə, səh. 194.

[13] Səhih hədislərdə ravilərin hamısı ədalətli (imamiyyə əqidəsinə malik və güvənilən) şəxs olmalıdır. Hədisin səhih sayılması üçün ravisinin siqə (güvənilən) biri olması kifayət etmir. Burada əsas şərt ravinin ədalətli olmasıdır.

[14] Şeyx Tusi, İxtiyaru-mərifətir-rical, c. 2, səh. 784.

[15] Seyid Əbülqasim Xoyi, Misbahul-usul, c. 2, səh. 200.

[16] Həsən hədis ravilərinin bir və ya bir neçəsinin imamiyyə əqidəsində olmasına baxmayaraq, siqə (güvənilən) olması barədə açıq dəlilin olmadığı, lakin haqqında mədh (tərif) olduğu hədisə deyilir. Hədisin sənədində olan bu xüsusiyyətə malik ravi və ya ravilərdən başqa digər ravilər isə imamiyyə məzhəbində olub, barələrində tövsiq gələn şəxslər olmalıdır.

[17] Müvəssəq hədis ravilərinin bir və ya bir neçəsinin imamiyyə məzhəbində olmayıb, lakin siqə (güvənilən) şəxs olduğu hədisə deyilir. Hədisin sənədində olan bu xüsusiyyətə malik ravi və ya ravilərdən başqa digər ravilər isə imamiyyə məzhəbində olub, barələrində tövsiq gəlmiş şəxslər olmalıdır.

[18] Yəni zəif hədisin höccət olmaması üçün ağıl sahiblərinin ona əsasən əməl etməmələrini yəqin olaraq bilməyimizə gərək yoxdur. Hətta ağıl sahiblərinin davranışlarında zəif xəbərə əməl etməyin olub-olmaması barədə şəkk etmək belə bu növ xəbərin höccət olmaması üçün kifayətdir. Çünki üsuli-fiqhdə qeyd edildiyi kimi, bir şeyin dəlil olub-olmamasında şəkk etmək onun dəlil olmamasına yəqin etməyə bərabərdir.

Qeyd olunan məsumlar

Qeyd olunan ravilər

Tövsiyə olunan

Hədis qəbulunda “məsləkül-vəsaqə” prinsipi

Hədis qəbulunda “məsləkül-vəsaqə” prinsipi