Ərbəin ziyarətinin müstəhəbliyi sabitdirmi?

Ərbəin ziyarətinin müstəhəbliyi sabitdirmi?

Ərbəin ziyarəti şiə məzhəbində və islam dünyasında ən əzəmətli, kütləvi və mənəvi ziyarətlərdən biri hesab olunur. Əsrlər boyu möminlərin böyük ehtiramla icra etdiyi bu əməlin şəriət baxımından müstəhəbliyinin (bəyənilən olmasının) sabitliyi və onun hədis sənədləri müasir fiqh alimlərinin də diqqət mərkəzində olmuşdur. Bəs ərbəin ziyarətinin müstəhəbliyi şəriət baxımından tam sabitdirmi? Ayətullah Seyid Məhəmmədrza Sistaninin bu barədə araşdırması “Qəbəsat” kitabının 3-cü cildində, səhifə 655-dən etibarən “Ərbəin ziyarətinin sənədi” başlığı altında qeyd olunmuşdur. Həmin araşdırmanın tərcüməsini oxucular üçün təqdim edirik:

İstinad olunan əsas rəvayət

“Şeyx Tusi “əl-Təhzib” və “əl-Misbah” əsərlərində belə rəvayət etmişdir: “Bizə əshabımızdan bir dəstə Əbu Məhəmməd Harun ibn Musa ibn Əhməd əl-Təllukbəridən xəbər verdi ki, o deyib: Bizə Məhəmməd ibn Əli ibn Müəmmər nəql edərək dedi: Mənə Əbülhəsən Əli ibn Məhəmməd ibn Məsədə və Həsən ibn Əli ibn Fəzzal (hər ikisi) Sədan ibn Müslimdən, o da Səfvan ibn Mehran əl-Cəmmaldan rəvayət etdi ki, Səfvan belə demişdir:

“​Mövlam Sadiq (ə) ərbəin ziyarəti haqqında mənə buyurdu: “Səhər açılanda (günəş yüksələn, hava aydınlanan zaman) ziyarət edər və deyərsən:

​“Salam olsun Allahın vəlisinə və sevdiyinə! Salam olsun Allahın dostuna və nəcib bəndəsinə! Salam olsun Allahın seçdiyi bəndəsinə və seçilmiş bəndəsinin oğluna! Salam olsun məzlum və şəhid Hüseynə! Salam olsun qəm-qüssələr əsirinə və göz yaşlarının qətlə yetirilmişinə!..”

​Bu rəvayət səfər ayının iyirmisində — İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü münasibətilə — onun ziyarət edilməsinin müstəhəbliyinə gətirilən əsas dəlildir. Rəvayətin bu mənaya dəlalətinin doğruluğunda şübhə edilməməlidir. Çünki həm ziyarətin mətni İmamın (ə) bu ziyarəti ilə birbaşa bağlı olmasını göstərir, həm də möminlərin zehnində və əsrlər boyu formalaşmış adətlərində “Ərbəin ziyarəti” ifadəsi məhz bu xüsusi ziyarətə aid edilir.

Sənədin ilkin təshihi

Lakin bu rəvayətin sənədinin mötəbərliyinə irad tutulmuşdur. Buna baxmayaraq, sənəddə etibarlılığı tərəddüd doğuran cəmi iki şəxsin olduğunu nəzərə alsaq, sənədin tamlığı qəbul edilə bilər:

1. Sədan ibn Müslim: Rical kitablarında onun siqə olması qeyd edilməmişdir. Lakin o, “Kamiluz-ziyarat” kitabının ravilərindən və İbn Əbu Ümeyrin hədis şeyxlərindəndir. Buna əsasən, “Kamiluz-ziyarat” və İbn Əbu Umeyr barədə məşhur olan nəzəriyyələrə görə, Sədanın siqəliyinə hökm etmək mümkündür. Bizim fikrimizə görə, ikinci nəzəriyyə tam və mötəbərdir, birinci nəzəriyyə (“Kamiluz-ziyarat” barədə olan) isə yox.

2. Məhəmməd ibn Əli ibn Müəmmər: O da rical kitablarında tövsiq edilməmişdir. Lakin diqqət edilməlidir ki, İbn Nədim öz “Fihrist”ində onu “Əbülhüseyn... ibn Müəmmər əl-Kufi” ünvanı ilə şiə fəqihləri, mühəddisləri və alimləri sırasında qeyd edir. Buradan bəlli olur ki, o öz əsrinin məşhur simalarından idi. Barəsində heç bir tənqid və pis fikrin qeyd edilmədiyini də nəzərə aldıqda məşhur bir şəxs olması rəvayətlərinin qəbul olunmasını gərəkdirir.

Əli ibn Məhəmməd ibn Məsədəyə gəlincə; onun siqəliyinin sübuta yetməməsi zərər vermir. Çünki İbn Müəmmər bu rəvayəti onun və İbn Fəzzalın hər ikisindən nəql edir və İbn Fəzzalın etibarlı olması yetərlidir.

İbn Müəmmər və İbn Məsədə barədə iradlar

​Deyirəm: Məhəmməd ibn Əli ibn Müəmmər 265-ci ildə vəfat etmiş Həmdan ibn Müafa və 262-ci ildə vəfat etmiş Məhəmməd ibn Hüseyn ibn Əbülxəttabdan rəvayət nəql edənlərdəndir. Bu iki şəxs isə yeddinci təbəqədəndir. Onun özündən isə Kuleyni və Furat ibn İbrahim rəvayət etmişlər ki, bu iki şəxs də doqquzuncu təbəqədəndir. Beləliklə, İbn Müəmmərin səkkizinci təbəqədən olması məlum olur. Lakin onuncu təbəqədən olan Təllukbərinin ondan rəvayət etməsindən görünür ki, o, uzun ömür sürmüş və onuncu təbəqənin raviləri də onu görə bilmişlər.

​Bu, məsələnin bir tərəfi. Digər tərəfdən isə Həsən ibn Əli ibn Fəzzal altıncı təbəqədəndir. İbn Müəmmərin ondan vasitəsiz rəvayət etməsi mümkün deyil. Böyük ehtimalla, ibarədəki (və Həsən ibn Əli ibn Fəzzal) ifadəsində olan “və” bağlayıcısı əslində “عن” – -dan2 cərr hərfidir ki, yazı zamanı xətaya yol verilib.[1] Bunun oxşarları hədis kitablarında onlarla yerdə baş verib.

​Buna əsasən, Əli ibn Məhəmməd ibn Məsədə İbn Müəmmər ilə İbn Fəzzal arasında vasitəçi olur. Əli bəzi sənədlərdən göründüyü kimi Məsədə ibn Sədəqənin nəvəsidir və yeddinci təbəqədən sayılır. Çünki səkkizinci təbəqədən olan İbn Müəmmər ondan rəvayət edir, həmçinin onun özünün də Əbdürrəhman ibn Əbu Nəcrandan rəvayət nəql etməsi bizə gəlib çatmışdır. Əbdürrəhman isə İbn Fəzzal kimi altıncı təbəqədəndir.
Bununla da bəlli olur ki, qeyd olunan sənəddəki irad yalnız Sədan və İbn Müəmmərin sənəddə yer alması ilə məhdudlaşmır ki, yuxarıda qeyd olunanlarla aradan qaldırılsın. Əksinə, sənədin İbn Məsədəni əhatə etməsi baxımından da irad mövcuddur.
Bundan əlavə, İbn Müəmmərin tanınmış şəxsiyyət sayılması və barəsində heç bir mənfi rəyin (tənqidin) olmamasının onun rəvayətinin qəbulu üçün kifayət olması fikri yalnız bəzi böyük alimlərin rəyinə əsasən doğrudur. Bizim seçdiyimiz nəzərə görə isə bu yanaşma doğru deyil, necə ki mən bunu başqa bir məqamda izah etmişəm.
Bəli, ola bilər ki, belə deyilsin: İbn Müəmmərin şiə fəqihləri, mühəddisləri və alimlərindən sayılması öz-özlüyündə onun rəvayətinə etimad etmək üçün yetərlidir. Lakin bu da tərəddüdə və irada açıq bir məsələdir.

Bu irada verilə biləcək cavab və nəticə

Bununla belə, qeyd olunanlara baxmayaraq, sözügedən rəvayətə etimad etməyi əsaslandırmaq mümkündür. Çünki İbn Müəmmər və İbn Məsədə kitab sahibi deyil, başqalarının kitablarını rəvayət etmək üçün icazə verən şeyxlər olmuşlar. Və diqqətə alınmalıdır ki, Nəcaşi Həsən ibn Əli ibn Fəzzalın kitabları sırasında “Kitabuz-ziyarat” adlı bir kitab qeyd etmişdir. Aydın olan da odur ki, Təllukbəri (hansı ki, Şeyx Tusi onun bütün “Usul” və “Müsənnəfat”ı rəvayət etdiyini qeyd etmişdir) Səfvanın qeyd olunan rəvayətini məhz həmin kitabdan götürmüşdür. Bəni-Fəzzalın kitabları isə o dövrdə məşhur və tanınan kitablar olduğu üçün (bunu bildirən nümunə və şahidlər öz yerində qeyd olunmuşdur) onlardan çıxarılan rəvayətlərə etimad etmək üçün həmin kitablara qədər olan sənədi araşdırmağa ehtiyac qalmır.
Nəticə olaraq, qeyd olunan rəvayətin sənədinin mötəbərliyi doğru yanaşmadır. Ərbəin ziyarətinin xüsusi ünvanı[2] ilə müstəhəb olmasına hökm edərkən bu rəvayətə söykənmək mümkündür”.

Hazırladı: Əbdüssəməd Qurbanov

HADİS.AZ


[1] Yəni əslində “Həsən ibn Əli İbn Fəzzaldan” şəklində olmalı idi, nüsxədə xəta baş verib.

[2] Ərbəin ziyarətinin müstəhəbliyi dedikdə xüsusi olaraq ərbəin gününün ziyarəti olması baxımından müstəhəbliyi nəzərdə tutulur, ümumi müstəhəblik yox. Yəni İmam Hüseyni (ə) ziyarət etmək onsuz da (ümumi mənada) müstəhəbdir və bunun üçün xüsusi dəlilə ehtiyac yoxdur. Ümumi olaraq ziyarət etməyin müstəhəbliyinə dair dəlillərimiz mövcuddur. Xüsusi dəlil isə bu əməli xüsusiləşdirir — onu ayrıca, məxsusi bir müstəhəb əmələ çevirir və beləcə adi günlərdəki ziyarətdən fərqləndirir.
Bu, müstəhəb oruc üçün təyin olunmuş bəzi günlər kimidir. Məsələn: il ərzində (bəzi istisna günlər nəzərə alınmazsa) oruc tutmaq ümumən müstəhəbdir. Lakin rəcəb və şaban aylarında oruc tutmaq ayrıca müstəhəblik kəsb edir. Habelə bu ayların bəzi günlərində oruc tutmaq daha məxsusi şəkildə müstəhəb sayılır və beləliklə, qazanılan savab da xüsusiləşir. Ərbəin ziyarəti ilə bağlı məsələ də məhz bu qəbildəndir. Əlimizdə heç bir xüsusi dəlil olmasaydı belə, bu ziyarətin ümumi mənada müstəhəbliyinə zatən heç bir şübhə olmayacaqdı.

Istifadə olunan terminlər

Tövsiyə olunan

Ərbəin ziyarətinin müstəhəbliyi sabitdirmi?

Ərbəin ziyarətinin müstəhəbliyi sabitdirmi?

Hədis qəbulunda “məsləkül-vəsaqə” prinsipi

Hədis qəbulunda “məsləkül-vəsaqə” prinsipi