əl-Maidə 5

Ayə 3

Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər dininizdən (onu məhv edə bilmədikləri üçün) əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun! Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim. Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُوا بِالْأَزْلَامِ ۚ ذَٰلِكُمْ فِسْقٌ ۗ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ ۚ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا ۚ فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ ۙ فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ

Təfsir

İmam Baqir (ə) buyurdu: “Uca Allah öz rəsuluna (s) Əlinin (ə) vilayətini tanıtmağı əmr etdi və onun üçün ayə nazil etdi: “Həqiqətən, sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir”. Allah vilayəti birinci dəfədən vacib etmişdi, lakin (insanlar) onun nə olduğunu (mahiyyətini) bilmədilər. Uca Allah Məhəmmədə (s) əmr etdi ki, namazı, zəkatı, orucu və həcci onlar üçün açıqladığı kimi, vilayəti də açıqlasın. Bu əmr Allah tərəfindən gəldikdə Allah rəsulu (s) insanların dinlərindən üz çevirməyindən, (insanların) onu yalançı adlandırmasından qorxduğu üçün qəlbi sıxıldı. O öz rəbbinə sarı üz çevirdi. Uca Allah ona (s) belə vəhy etdi: “Ey Peyğəmbər, rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. Həzrət Peyğəmbər (s) sıxıntı və çətinlikləri aşaraq rəbbinin əmri və onun köməyi ilə Qədir-Xum günü Həzrət Əlinin (ə) vilayətini təqdim etməyə durdu. Camaat namazında insanlara əmr etdi ki, orada (Qədir-xumda) olanlar bu hadisəni orada olmayanlara çatdırsın!” İmam Baqir (ə) buyurdu: “Bir zamanlar vacibatlar ardıcıllıqla nazil olurdu. Vilayət isə axırıncı vacibatlardan idi. Necə ki bunun haqqında Allah-taala ayə nazil etdi: “Bu gün dininizi sizin üçün kamilləşdirdim və sizə öz nemətimi tamamladım”. İmam Məhəmməd Baqir (ə) belə buyurdu: “Uca Allah buyurdu: “Bu vacibdən (Həzrət Əlinin vilayətindən) sonra sizlərə bir vacib nazil olmamışdır. Artıq vacibatları sizlər üçün tamamladım”.
Qasim ibn Müslim qardaşı Əbdüləziz ibn Müslimdən belə nəql edir: “İmam Rza (ə) ilə birlikdə Mərvdə idik. Cümə günündə şəhərə girəndən sonra məsciddə cəm olmuşduq. Camaat imamət məsələsi haqqında danışır və insanların o məsələ haqqında çox ixtilaf etdiyini deyirdilər. Mən ağam və mövlam Rzanın (ə) yanına daxil oldum və ona insanların bu məsələ haqqında etdikləri mübahisələrdən xəbər verdim. O (ə) təbəssüm etdi və sonra buyurdu: “Ey Əbdüləziz, insanlar cahil olub dinləri haqqında aldadıldılar, həqiqətən, Allah əzzə və cəllə öz Peyğəmbərini (s) onlara dinlərini kamil etdikdən sonra dünyadan apardı və onlara hər bir şeyi təfsilatı ilə izah edən Quranı nazil etdi. Onda halal-haram, hədlər, hökmlər və insanların ehtiyacı olan bütün şeyləri kamil surətdə bəyan etdi. Allah əzzə və cəllə buyurmuşdur: “Bu kitabda heç bir şeyi nəzərdən qaçırmadıq” (“Ənam” surəsi, 38-ci ayə) və ömrünün axırında, vida həccində “Bu gün sizin üçün dininizi kamil etdim və sizə nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim” (“Maidə” surəsi, 3-cü ayə) ayəsini nazil etdi. İmamət məsələsi dinin tamamıdır (kamilliyidir). (Allah rəsulu (s)) dinlərinin yol göstərənlərini (dinlərində onlara yol göstərən əlamətləri) ümmətinə bəyan etməmiş getmədi, onlara yollarını aydınlaşdırdı, onları haqq yol üzərində (qoyub) tərk etdi. Onlar üçün Əlini (ə) nişanə (yol göstərən əlamət) və imam olaraq vəzifələndirdi, ümmətin ehtiyacı olan heç bir şeyi gözdən qaçırmadı, ehtiyacları olan hər bir şeyi onlar üçün açıqladı. Kim Allah əzzə və cəllənin öz dinini kamil etmədiyini iddia etsə, Allah əzzə və cəllənin kitabını rədd etmişdir və kim Allah-taalanın kitabını rədd etsə, kafirdir”.