Vahid xəbərlər - qərib

3) Qərib
Şeyx Maməqani “Miqbasul-hidayə” kitabında yazır:
“Qərib xəbər odur ki, onu nəql edənlərin sayı bütün təbəqələrdə bir nəfərdir. Yaxud da ravilərin sayı digər təbəqələrdə çox olsa da, sənədin hər hansı yerində bir nəfərdir”.[1]
Tərifə əsasən, qərib hədislər iki qismə bölünür:
Mütləq qərib hədis odur ki, bütün təbəqələrdə yalnız bir ravi tərəfindən nəql edilmişdir. Məsələn, hər hansı bir hədisin yalnız aşağıdakı formada sənədi olarsa o, mütləq qərib hesab olunur:
Şəkildə göründüyü kimi, fərz etdiyimiz hədisin 3 təbəqəsi var və hər təbəqədə yalnız bir ravi var. Bir hədisin bu cür sənəddən başqa bir sənədi olmazsa, o hədis mütləq qərib adlanar.
Nisbi qərib isə bəzi təbəqələrdə bir, bəzi təbəqələrdə isə birdən çox ravisi olan hədislərə deyilir. Məsələn, aşağıdakı şəkilə diqqət edək:
Şəkildə qeyd etdiyimiz şərti sənədə əsasən, hədis birinci təbəqədə yalnız bir ravi tərəfindən nəql edilir. İkinci və üçüncü təbəqələrdə isə ravilərin sayı birdən çoxdur. Bu cür hədis birinci təbəqəyə nisbətdə qərib hədis hesab olunur. Çünki birinci təbəqədə onu yalnız bir ravi nəql etmişdir. Əlbəttə, mümkündür ki, hədisin birinci və üçüncü, yaxud birinci və ikinci təbəqələrində ravilərin sayı çox olsun və müvafiq olaraq ikinci yaxud üçüncü təbəqədə yalnız bir ravi olsun, bu zaman hədis tək ravinin yer aldığı təbəqəyə nisbətdə qərib hesab olunacaq.
Həmçinin qeyd etmək lazımdır ki, “qərib” termini hədis elmində qeyd etdiyimizdən başqa mənalara da şamil olur. Lakin bu barədə “müfrəd hədis” terminindən danışarkən geniş söhbət açacağıq.
Əli Abdullah
Hadis.az
[1] Miqbasul-hidayə, c. 1, səh. 133.
Tövsiyə olunan

Copyright 2026 Hadis.Az