ən-Nur 24

Ayə 11

Həqiqətən, (Aişə barəsində) yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdulah ibn Ubeyyi) isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!

إِنَّ الَّذِينَ جَاءُوا بِالْإِفْكِ عُصْبَةٌ مِّنكُمْ ۚ لَا تَحْسَبُوهُ شَرًّا لَّكُم ۖ بَلْ هُوَ خَيْرٌ لَّكُمْ ۚ لِكُلِّ امْرِئٍ مِّنْهُم مَّا اكْتَسَبَ مِنَ الْإِثْمِ ۚ وَالَّذِي تَوَلَّىٰ كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِيمٌ

Təfsir

Zürarə nəql edir: “İmam Baqirin (ə) belə dediyini eşitdim: “Allah Rəsulunun (s) oğlu İbrahim vəfat etdiyi zaman o, buna çox kədərləndi. (Bunu görən) Aişə dedi: “Səni kədərləndirən nədir?! O, Cərihin oğlu idi (sənin oğlun deyildi)”. Peyğəmbər (s) Əlini (ə) göndərib onu (Cərihi) öldürməyi əmr etdi. Əli (ə) öz qılıncı ilə onun yanına getdi. Cərih əl-Qibti də bu zaman bir bağda idi. Əli (ə) bağın qapısını döydü və Cərih qapını açmaq üçün ona tərəf gəldi. O, Əlini (ə) görüb üzündəki qəzəbi anladı və qapını açmayaraq geri döndü. Əli (ə) bağa tullandı və onun arxasıyca getdi. Cərih də arxasını çevirərək qaçmağa başladı. Qibti Əlinin (ə) onu tutmasından qorxaraq bir xurma ağacına çıxdı. Əli (ə) də onun arxasıyca ağaca qalxdı. Əli (ə) Cərihə yaxınlaşdığı zaman o özünü xurma ağacının yuxarısından atdı və beləliklə, onun övrəti görsəndi. Onda nə kişi, nə də qadın üzvü yox idi. Əli (ə) oradan ayrılaraq Peyğəmbərin (s) yanına getdi və dedi: “Ey Allahın Rəsulu, məni (bu) iş üçün göndərdikdə kürkə sancılmış qızğın mismar kimi olum, yoxsa araşdırım?” Peyğəmbər dedi: “Xeyr, əksinə, araşdır”. Əli (ə) dedi: “Səni haqq olaraq göndərənə and olsun ki, onda nə kişilər, nə də qadınlar üçün olan (üzv) yoxdur”. Peyğəmbər (s) bunu eşitdikdə buyurdu: “Pislikləri biz Əhli-beytdən uzaqlaşdıran Allaha həmd olsun!”