əl-Ənam 6

Ayə 38

Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.

وَمَا مِن دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُم ۚ مَّا فَرَّطْنَا فِي الْكِتَابِ مِن شَيْءٍ ۚ ثُمَّ إِلَىٰ رَبِّهِمْ يُحْشَرُونَ

Təfsir

Qasim ibn Müslim qardaşı Əbdüləziz ibn Müslimdən belə nəql edir: “İmam Rza (ə) ilə birlikdə Mərvdə idik. Cümə günündə şəhərə girəndən sonra məsciddə cəm olmuşduq. Camaat imamət məsələsi haqqında danışır və insanların o məsələ haqqında çox ixtilaf etdiyini deyirdilər. Mən ağam və mövlam Rzanın (ə) yanına daxil oldum və ona insanların bu məsələ haqqında etdikləri mübahisələrdən xəbər verdim. O (ə) təbəssüm etdi və sonra buyurdu: “Ey Əbdüləziz, insanlar cahil olub dinləri haqqında aldadıldılar, həqiqətən, Allah əzzə və cəllə öz Peyğəmbərini (s) onlara dinlərini kamil etdikdən sonra dünyadan apardı və onlara hər bir şeyi təfsilatı ilə izah edən Quranı nazil etdi. Onda halal-haram, hədlər, hökmlər və insanların ehtiyacı olan bütün şeyləri kamil surətdə bəyan etdi. Allah əzzə və cəllə buyurmuşdur: “Bu kitabda heç bir şeyi nəzərdən qaçırmadıq” (“Ənam” surəsi, 38-ci ayə) və ömrünün axırında, vida həccində “Bu gün sizin üçün dininizi kamil etdim və sizə nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim” (“Maidə” surəsi, 3-cü ayə) ayəsini nazil etdi. İmamət məsələsi dinin tamamıdır (kamilliyidir). (Allah rəsulu (s)) dinlərinin yol göstərənlərini (dinlərində onlara yol göstərən əlamətləri) ümmətinə bəyan etməmiş getmədi, onlara yollarını aydınlaşdırdı, onları haqq yol üzərində (qoyub) tərk etdi. Onlar üçün Əlini (ə) nişanə (yol göstərən əlamət) və imam olaraq vəzifələndirdi, ümmətin ehtiyacı olan heç bir şeyi gözdən qaçırmadı, ehtiyacları olan hər bir şeyi onlar üçün açıqladı. Kim Allah əzzə və cəllənin öz dinini kamil etmədiyini iddia etsə, Allah əzzə və cəllənin kitabını rədd etmişdir və kim Allah-taalanın kitabını rədd etsə, kafirdir”.