İlkin terminlər - hədis

1) Hədis

Hədis elmi ilə maraqlanan şəxsə ilk əvvəl müəyyən terminlərə aşina olmaq labüddür. Bu terminlər hədis elmlərində “ilkin terminlər” və ya “ilkin anlayışlar” başlığı altında qeyd olunur. Onların birincisi “hədis” terminidir.

Leksik mənası

“Hədis” sözü leksik cəhətdən sonradan var olmuş şeyə deyilir. Buna görə də söz, danışıq, söhbət və kəlama da hədis deyilir. Çünki hər hansı söz və kəlam əvvəldən olmayıb, sonradan (deyildiyi zamandan etibarən) yaranmış bir şeydir.

Terminoloji mənası

Hədis elmləri terminologiyasında “hədis” məfhumuna müxtəlif təriflər verilmişdir. Şiə alimləri arasında bu terminin məşhur tərifi belədir:

“Hədis məsumun sözünü, feilini (hərəkətini) və təqririni (hər hansı bir əməl müqabilində olan sükutunu) nəql edən bir kəlamdır.”[1]

Bu tərifdə məsumdan məqsəd Həzrət Peyğəmbər (s), Xanım Fatimeyi-Zəhra (ə) və on iki imamdır (ə).

Tərifdə qeyd edilən “kəlamdır” ifadəsindən başa düşülür ki, hədis söz, danışıq, söhbət və kəlam qəbilindən olan bir məfhumdur. Əlbəttə, söz və danışıq şifahi olduğu kimi, yazılı da ola bilər.

Hədisin möhtəvası üç surətdə ola bilər:

  1. Bəzən hədisin məzmunu məsumun buyurduğu bir kəlam olur. Məsələn:

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ مُحَمَّدِ بْنِ سِنَانٍ عَنْ عَلِيِّ بْنِ رِبَاطٍ عَنْ عُبَيْدِ بْنِ زُرَارَةَ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع‏ بَرُّوا آبَاءَكُمْ يَبَرَّكُمْ‏ أَبْنَاؤُكُمْ وَ عِفُّوا عَنْ نِسَاءِ النَّاسِ تَعِفَّ نِسَاؤُكُم‏

Məhəmməd ibn Yəhya nəql edir Əhməd ibn Məhəmməddən, o da Məhəmməd ibn Sinandan, o da Əli ibn Ribatdan, o da Übeyd ibn Zürarədən. (Übeyd) dedi: İmam Sadiq (ə) buyurdu: “Atalarınıza qarşı yaxşılıq edin ki, övladlarınız da sizə yaxşılıq etsinlər. Başqalarının qadınlarına qarşı iffətli olun ki, başqaları da sizin qadınlarınıza qarşı iffətli olsun”.[2]

Bu hədisdə məsumun kəlamı, yəni buyurduğu sözlər nəql edilmişdir.

  1. Bəzən hədisin məzmunu məsumun yerinə yetirdiyi hər hansı bir əməldən ibarətdir. Məsələn:

أَحْمَدُ بْنُ مُحَمَّدٍ عَنْ عَلِيِّ بْنِ الْحَسَنِ عَنْ أَحْمَدَ بْنِ صَبِيحٍ عَنْ عَنْبَسَةَ الْعَابِدِ قَالَ‏: قُبِضَ النَّبِيُّ ص عَلَى صَوْمِ شَعْبَانَ وَ رَمَضَانَ وَ ثَلَاثَةِ أَيَّامٍ فِي كُلِّ شَهْرٍ أَوَّلِ خَمِيسٍ وَ أَوْسَطِ أَرْبِعَاءَ وَ آخِرِ خَمِيسٍ وَ كَانَ أَبُو جَعْفَرٍ وَ أَبُو عَبْدِ اللَّهِ ع يَصُومَانِ‏ ذَلِك

Əhməd ibn Məhəmməd nəql edir Əli ibn Həsəndən, o da Əhməd ibn Səbihdən, o da Ənbəsə Abiddən. (Ənbəsə) dedi: “Peyğəmbər (s) elə bir halda dünyasını dəyişdi ki, o, şaban və ramazan aylarını, həmçinin hər ayın üç gününü - ilk cümə axşamını, orta çərşənbə axşamını və axırıncı cümə axşamını oruc tutardı. İmam Baqir (ə) və İmam Sadiq (ə) də bu cür oruc tutardılar”.[3]

Gördüyünüz kimi, bu hədisdə məsumun (Peyğəmbər (s), İmam Baqir (ə) və İmam Sadiqin (ə)) hansı günlərdə oruc tutmaları nəql edilmişdir. Burada onların dilindən hər hansısa bir söz və kəlam nəql edilmir.

  1. Bəzən də hədisin məzmunu məsumun təqririndən ibarət olur. Məsələn, məsumun hüzurunda hər hansı bir əməl yerinə yetirilir və o həmin əməlin yerinə yetirilməsini qadağan etmir. Yəni o əməlin müqabilində məsum sükut edir. Buradan həmin əməlin caiz olması başa düşülür. Buna da məsumun təqriri deyilir.

Əli Abdullah

Hadis.az


[1] Şeyx Bəhai, Əl-Vəcizə fi elmid-dirayə, səh.534.

[2] Şeyx Kuleyni, Əl-Kafi, c.5, səh.554.

[3] Həmin mənbə, c.4, səh.91.

Istifadə olunan terminlər

Tövsiyə olunan

Mütəvatir xəbərin qismləri

Mütəvatir xəbərin qismləri

Mütəvatir xəbər - leksik və terminoloji mənası

Mütəvatir xəbər - leksik və terminoloji mənası

İlkin terminlər - xəbər, əsər, rəvayət

İlkin terminlər - xəbər, əsər, rəvayət

İlkin terminlər - hədis

İlkin terminlər - hədis

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx

İlkin terminlər - mətn, sənəd, təriq, şeyx