İlkin terminlər - sünnə

2) Sünnə

Leksik mənası

“Sünnə” sözünün leksik mənası “yol” və “metod (rəviş)” deməkdir. Bu sözün cəm forması “sünən” kəlməsidir.

Terminoloji mənası

Hədis elmlərində “sünnə” sözünün terminoloji mənası şiə və əhli-sünnə arasında bir-birindən fərqlənir.

Şiə nəzərində “sünnə”

Şiə alimlərinə görə sünnə məsumun söz, feil (hərəkət, əməl) və təqririnin özüdür.[1] Bu termini “hədis” termini ilə qarışdırmamalıyıq. Hədis əvvəlki yazımızda qeyd etdiyimiz kimi, məsumun söz, feil və təqririni nəql edən bir kəlamdır (istər yazılı, istərsə də şifahi). Sünnə isə məsumun söz, feil və təqririnin özüdür. Yəni hədis sünnəni nəql edən kəlama deyilir. Buna görə də bu iki termin bir-birindən fərqli məfhumlara malikdirlər.

Başqa sözlə desək, sünnənin hədis kimi zəif və səhih qisimləri yoxdur. Məsələn, “bu sünnə zəifdir, bu isə səhihdir” deyə bilmərik. Çünki sünnə həqiqətdə məsumun dilindən çıxan sözə, yaxud da onun yerinə yetirdiyi əmələ və təqrirə deyilir. Bu həqiqət isə bizə hədis yolu ilə gəlib çatır. Bu yol bəzən etibarlı, bəzən də qeyri-mötəbər olduğundan, onu (hədisi) səhih və zəif kimi qisimlərə bölə bilirik. Sünnədə isə belə bir şey mümkün deyil.

Əhli-sünnə nəzərində “sünnə”

Əhli-sünnənin üsul və hədis alimləri arasında bu sözə verilən tərif müxtəlifdir. Üsul alimləri “sünnə”nin terminoloji mənasını şiələrin verdiyi tərifə oxşar şəkildə qeyd etmişlər:

“Sünnə Peyğəmbərin (s) Qurandan başqa dediyi sözü, feili və təqriridir.”[2]

Fərq yalnız buradadır ki, onlar söz, feil və təqriri Peyğəmbərə (s) nisbət vermişlər. Çünki onların nəzərində məsum yalnız Peyğəmbərdir (s).

Əhli-sünnənin hədis alimləri arasında məşhur olan nəzər isə budur ki, sünnə hədislə eyni mənalı bir məfhumdur.[3] Bundan əlavə, bu sözün cəm forması, yəni “sünən” kəlməsi əhli-sünnənin nəzərində fiqhi hədislərə də şamil edilir. Buna görə də bu mövzuda yazılmış bəzi kitablara “Sünəni-Tirmizi”, “Sünəni-Darəmi” kimi adlar vermişlər.

“Sünnə” sözü digər islami elmlərdə başqa mənada da işlənir. Məsələn, fiqh elmində bəzən “sünnə” müstəhəb olan bir əmələ deyilir. Bəzən də bu söz “bidət” anlayışının müqabilində işlənir.

Əli Abdullah

Hadis.az


[1] Şeyx Bəhai, Əl-Vəcizə fi elmid-dirayə, səh. 535.

[2] Əbdülxaliq, Hucciyyətus-sunnə, səh. 68.

[3] Fəthul-muğis, c.1, səh. 9.

Istifadə olunan terminlər

Tövsiyə olunan

İlkin terminlər - sünnə

İlkin terminlər - sünnə