Cavab

Sual

Salam aleykum. Əsasən Muhəmməd (s) Və Ali Muhəmmədin (ə) fəzilətlərini özündə ehtiva edən Əhli Beytin daha sirli dərin əsrarəngiz fəzilətlərindən bəhs edən Səhifətul Əbrar barədə məlumat verərdizdə o kitabın mötəbərliyi

Cavab

“Səhifətul-əbrar” kitabı şeyxiyyə məktəbinin ardıcıllarından olan Şeyx Məhəmmədtəqi Təbrizi tərəfindən qələmə alınmışdır. Böyük bio-biblioqraf Ağaborog Tehrani (1876-1970) onun barədə belə yazır:

“Şeyx Mirzə Məhəmmədtəqi Təbrizi (1248–1312 hicri / 1832–1894 miladi)

Şeyx Mirzə Məhəmmədtəqi ibn Molla Məhəmməd ibn Hüseyn ibn Zeynülabidin ibn Əli ibn İbrahim Maməqani Təbrizi – “Hüccətül-islam Təbrizi” kimi tanınan və “Nəyyir” təxəllüsü ilə şeir yazan bu şəxsiyyət öz dövrünün görkəmli alimlərindən biri olmuşdur. O, alim, fəzilət sahibi, ədəbi zövqü olan biri və şeyxiyyə məktəbinin tanınmış simalarındandır”.[1]

“Atasının vasitəsilə şeyxiyyənin təsisçisi sayılmış Şeyx Əhməd Əhsaidən, həmçinin Əhməd Əhsainin böyük tələbələrindən olan və şeyxiyyənin əsas fiqurlarından sayılan Seyid Kazim Rəştidən onun müxtəlif tələbələri vasitəsilə hədis nəql etmişdir”.[2]

Müəllif “Səhifətul-əbrar” kitabının əvvələrində (məsələn, birinci ünvanda) şeyxiyyə məktəbinin bəzi batil və əsası olmayan inancları əsasında söhbətlər açmış və onu əsaslandırmağa çalışmışdır. Kitabda adətən mötəbər mənbələrimizdə gəlmiş hədislər qeyd olunsa da, bəzən Rəcəbəli Borsinin “Məşariqu-ənvaril-yəqin” kimi bəzi qüluvv əhlinin nəql etdiyi hədisləri özündə ehtiva etmiş kitablardan da müxtəlif hədislər nəql olunmuşdur. Müəllif bunlarla bəzi hallarda şeyxiyyənin əsas götürdüyü, lakin əsassız olan fikirlərini əsaslandırmağa çalışır.

Ümumilikdə, istər adı çəkilən kitabda, istərsə də sonrakı dövrlərdə qələmə alınmış və müəyyən kitablardan hədis nəql edən kitablarda qeyd olunmuş hədislərin əsli və orijinal mənbələrinə diqqət yetirilməli, hədisin mötəbər olub-olmaması orijinal mənbəsi əsasında araşdırılmalıdır.

Hadis.az


[1] Ağabozorg Tehrani, Təbəqatu-əlamiş-şiə, c. 13, səh. 266, Daru-ihyai-turasil-ərəbi, 1430 h.

[2] Ağabozorg Tehrani, Əz-Zəriə, c. 15, səh. 15, Beyrut.