Cavab
Sual
Cavab
Zərdüştilik və ya Zərdüştün tərəfdarları məcusilərdən (atəşpərəstlərdən) bir firqədir. Bu gün məcusilərin əksəriyyəti, hətta hamısı özlərini ona nisbət edirlər. Zərdüştilər və ya məcusilik iki ilahın — xeyir ilahı və şər ilahının varlığına inanırlar.
Lakin onların gəlib çatdıqları bu batil, azğın əqidə peyğəmbərlərin əqidəsi deyildir. Çünki peyğəmbərlərin hamısı tək bir əqidəyə — tövhidə (təkallahlığa) dəvət etmişlər. Lakin bu o demək deyildir ki, bu dinin ardıcıllarının peyğəmbəri və ya kitabı olmamışdır; əksinə, bunun haqq dinin təhrif olunması və ya tərk edilməsi nəticəsində baş verməsi ehtimal olunur. Onların bir peyğəmbərin ardıcılları olduğuna və kitablarının olmasına işarə edən dəlil "əl-Kafi" kitabındakı (c. 3, s. 567) mürsəl bir rəvayətdir:
(Rəvayət olunur ki) Əbu Abdullahdan (İmam Sadiqdən) (ə) məcusilər barəsində: "Onların peyğəmbəri olubmu?" — deyə soruşuldu. İmam (ə) buyurdu: "Bəli, məgər Rəsulullahın (s) Məkkə əhlinə "Müsəlman olun, əks halda sizə qarşı müharibə elan edəcəyəm"deyə yazdığı məktubun xəbəri sənə çatmayıb? Onlar Rəsulullaha (s) yazdılar ki: "Bizdən cizyə (vergi) al və bizi bütlərə ibadət etməyimizlə baş-başa burax". Peyğəmbər (s) onlara yazdı: "Mən cizyəni yalnız kitab əhlindən (yəhudi və xristianlardan) alıram". Onlar Peyğəmbəri təkzib etmək məqsədilə ona yazdılar: "İddia edirdin ki, cizyəni yalnız kitab əhlindən alırsan, lakin Həcər məcusilərindən cizyə aldın!" Peyğəmbər (s) onlara yazdı: "Məcusilərin bir peyğəmbəri var idi, onu öldürdülər və bir kitabları var idi, onu yandırdılar. Peyğəmbərləri onlara kitablarını on iki min öküz dərisində gətirmişdi".
"Məcməul-faidə" kitabında Müqəddəs Ərdəbili demişdir: "Deyilmişdir ki, onların öldürdükləri bir peyğəmbəri və yandırdıqları bir kitabı var idi. Peyğəmbərlərinin adı Zərdüşt, kitabının adı isə Camast idi" (Bax: Məcməul-faidə, c. 7, s. 438).
"Vəsailuş-Şiə" kitabında isə belə keçir: "Peyğəmbərlərinin adı Damast idi, onu öldürdülər. Camast adlanan və on iki min öküz dərisində olan bir kitabları var idi, onu yandırdılar" (Vəsailuş-Şiə, c. 5, s. 127).
"Əl-İhticac" kitabında isə (c. 2, s. 91) belə nəql olunur:
"Bir zındıq (dinsiz) Əbu Abdullahdan (İmam Sadiqdən) (ə) məcusilər haqqında soruşdu: "Allah onların arasında peyğəmbər göndəribmi? Çünki mən onların möhkəm kitabları, bəliğ (təsirli) nəsihətləri, qaneedici məsəlləri olduğunu görürəm; savab və cəzanı qəbul edirlər və əməl etdikləri şəriətləri var".
İmam (ə) buyurdu: "Elə bir ümmət yoxdur ki, onun içində bir xəbərdar edən (peyğəmbər) olmasın. Onlara da Allah tərəfindən bir kitabla peyğəmbər göndərildi, lakin onu inkar etdilər və kitabını dandılar".
Zındıq soruşdu: "O peyğəmbər kimdir? İnsanlar onun Xalid ibn Sinan olduğunu iddia edirlər".
İmam (ə) buyurdu: "Xalid bədəvi bir ərəb idi, peyğəmbər deyildi; bu sadəcə insanların dediyi bir şeydir".
Zındıq soruşdu: "Bəs Zərdüşt necə?"
İmam (ə) buyurdu: "Zərdüşt onlara zümzümə (dualar) ilə gəldi və peyğəmbərlik iddiası etdi. Qövmdən bir dəstə ona iman gətirdi, bir dəstə isə onu inkar etdi. Onu (şəhərdən) qovdular və kimsəsiz bir biyabanda yırtıcı heyvanlar onu yedi".
Bu və digər rəvayətlərdən bəlli olur ki, Zərdüşt peyğəmbərlik iddiası edən biri olmuşdur, peyğəmbər deyildir. Məcusilərin həqiqi peyğəmbəri isə bəzi rəvayətlərdə keçdiyi kimi Damastdır.
Fəqihlərimiz yəhudiləri, məsihiləri (xristianları) və məcusiləri əhli-kitabdan hesab edirlər. Onlar əhli-kitabın pak olub-olmaması barədə bəhs edərkən bunu məhz bu üç qrupa aid edirlər. Ayətullah Xoyinin "Təharət" kitabında (c. 2, s. 48) dediyi kimi: "Mütəqəddim (keçmiş) xəbərlərin və əshabın yekdil rəyinin tələbi ilə əhli-kitabın nəcasətinə hökm etsək, bu (hökm) yalnız yəhudilərə, məsihilərə və məcusilərə şamil olunur..."
Əbu Salah Hələbinin "əl-Kafi" kitabında (s. 245) deyilir: "Kafirlər dörd sinifdir: Kitab əhli olanlar — onlar yəhudilər, məsihilər və məcusilərdir..."
Əllamə Hillinin "Təhrirul-əhkam" əsərində (c. 3, s. 461) isə belə keçir: "Yəhudilərin Tövrat kitabı, məsihilərin İncili var. Məcusilərə gəldikdə isə deyilmişdir ki, onların kitabı var idi, sonra nəsx olundu və aralarından qaldırıldı. Onların da kitaba sahib olma ehtimalı var, buna görə də (fəqihlər tərəfindən) hökmlərində kitab əhlinə ilhaq olunublar (qoşulublar)".
HADİS.AZ
Copyright 2026 Hadis.Az