Cavab

Sual

Əssalamu Aleykum. Səhabələrin ittifaqı əbu bəkrin xilafətinə dəlalət edirmi?

Cavab

Aleykum salam. İlk öncə qeyd edək ki, səhabənin nədəsə ittifaq etməsinin hər hansısa bir höccətliyi (dəlilliyi) yoxdur. İcma barədə əsas dəlil sayılan Peyğəmbərdən (s) nəql olunmuş “ümmətim zəlalət (azğınlıq) üzərində cəm olmaz” (İbn Əbdülbirr, Camiu bəyanil-elm və fəzlih, səh. 279) hədisini qəbul etsək belə, yenə də burada dəlil sayılmayacaq. İlk öncə ona görə ki, Peyğəmbər (s) hədisdə “ümmətim” deyir, yalnız səhabələri nəzərdə tutmur. Əbu Bəkrin və digər qəsbkar xəlifələrin xilafəti barədə isə Peyğəmbər (s) ümmətinin ittifaqı yoxdur. Xilafətinin ilk günlərindən bu barədə olan fikir ayrılığı səbəbindən Peyğəmbər (s) ümməti iki yerə ayrılmış, onun xilafətini qəbul edənlər sünni adı ilə məşhurlaşmış, onun xilafətini qəbul etməyənlər isə şiə adı ilə tanınmışdılar. Deməli, Əbu Bəkrin xəlifə olması barədə Peyğəmbər (s) ümməti ittifaq etməmişdi. Buna görə də Peyğəmbərdən (s) nəql olunan “ümmətim zəlalət (azğınlıq) üzərində cəm olmaz” hədisi Əbu Bəkrin xilafətinə şamil olmur. Təbii ki, bu dediyimiz təkcə Əbu Bəkrin xilafəti barədə deyil, digər qəsbkar xəlifələrin xilafəti barədə də keçərlidir. Çünki onların da xəlifə olmaları barədə ümmətin ixtilafı mövcuddur. Yalnız İmam Əlinin (ə) xəlifə olması barədə ümmətin ittifaq etməsini iddia etmək olar. Çünki, həm şiə, həm də sünnü məzhəbinə əsasən, İmam Əli (ə) haqq xəlifədir.

Hətta “Ümmətim zəlalət (azğınlıq) üzərində cəm olmaz” məzmununda nəql olunmuş hədisdəki ümmətdən məqsədin elə səhabələrin olmasını qəbul etsək belə, yenə də bu hədis Əbu Bəkrin xəlifə olması üçün dəlil sayıla bilməz. Çünki Əbu Bəkrin xəlifə olması barədə səhabələr arasında ittifaq gerçəkləşməmişdir. Əbu Bəkrin xilafətinin ilk günlərində İmam Əli (ə), Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhra (s) və Peyğəmbərin (s) qohumları olan Bəni-Haşim və bir qrup səhabə Əbu Bəkrə beyət etməmişdilər. Əhli-sünnə mənbələrinə əsasən, Peyğəmbərin (s) yeganə yadigarı olan qızı Xanım Fatimeyi-Zəhra (ə) Peyğəmbərdən (s) sonra altı ay yaşayıb. Bu müddət ərzində Əbu Bəkr onun mülkü olan Fədəyi və digər əraziləri qəsb etdiyi və onları qaytarmadığı üçün Xanım Zəhra (s) Əbu Bəkrə qəzəblənmiş və ölənə qədər onu danışdırmamışdır. Xanım Fatimeyi-Zəhra (s) bu vaxt ərzində Əbu Bəkrə beyət də etməmişdi (müraciət et: Səhihi-Buxari, c. 5, səh. 198). Səhabələrin içində ən üstün şəxslərdən biri olan və Quranın paklığına şəhadət verdiyi (Əhzab, 33) Əhli-beytin (ə) ən əsas üzvü olan Xanım Fatimeyi-Zəhranın (s) Əbu Bəkrin xəlifəliyi ilə müxalifətçilik etdiyi və ona beyət etmədiyi halda hansı səhabə ittifaqından söhbət gedə bilər?!

Bütün bu deyilənlərdən əlavə olaraq qeyd edək ki, səhabə və ya ümmətin ittifaqı heç vaxt Allahın və Peyğəmbərin (s) sözündən üstün sayıla bilməz. Peyğəmbər (s) Allahın əmri ilə Qədir-xumda özündən sonra xəlifə olaraq İmam Əlini (ə) təyin etdikdən sonra hər kim başqa birini xəlifə olaraq görsə, açıq şəkildə Allaha və Onun rəsuluna (s) qarşı çıxmış sayılar.