Cavab
Sual
Cavab
Görünən odur ki, bu günü bayram (şadlıq) kimi qeyd etmək və həmin gündə ibadətlə məşğul olmaq şiələr arasında çox qədim zamanlardan bəri məlum və yayğın idi. Belə ki, təxminən hicri 560-cı ildə qələmə alınmış 'ən-Nəqz' kitabının müəllifi də öz əsərində bu barədə bəhs etmişdir.
Bu günün fəzilətinə dair Əhməd ibn İshaq əl-Qummidən nəql olunan [məşhur] rəvayətə gəlincə isə o, sənəd baxımından zəif bir hədisdir. Həmin rəvayəti [hicri] doqquzuncu əsrdə yaşamış "əl-Muxtəsər" kitabının müəllifi Həsən ibn Süleyman qeyd etmiş, həmçinin onun Təbərinin "Dəlailul-imamə" kitabında yer aldığı da deyilmişdir.
Lakin buna baxmayaraq, sonradan gələn bəzi fəqihlər — "Cəvahirul-kəlam" əsərinin müəllifi (Şeyx Məhəmməd Həsən), Şeyx Mürtəza Ənsari, Seyid Məhəmməd Kazim Yəzdi, Seyid Möhsin əl-Həkim (Allah onlara rəhmət etsin) və digər bəzi fəqihlər — "ət-Təsamuh fi ədillətis-sunən" qaydasına əsaslanaraq, həmin gün [müstəhəb niyyəti ilə] qüsl almağın bəyənilən (müstəhəb) olmasına fətva vermişlər. Bu qaydanı qəbul etməyən fəqihlər isə (əksər müasir mərceyi-təqlidlər kimi) rəca qəsdi ilə alınmasını qeyd etmişlər. “Təsamuh” qaydasını qəbul edən alimlərə görə, haqqında savab gəlmiş hər bir əməli şəri müstəhəb niyyəti ilə yerinə yetirmək olar. İstər hədisin sənədi mötəbər olsun, istərsə də zəif. Lakin bu qaydanı qəbul etməyən alimlərə görə isə yalnız mötəbər hədislərlə haqqında savab gəlmiş əməlləri müstəhəb niyyəti ilə yerinə yetirmək olar. Lakin zəif hədislər vasitəsi ilə haqqında savab gəlmiş bir əməlin müstəhəbliyi sabit olmur, həmin qeyd olunan savabı əldə etmək üçün o əməli “rəcai-mətlubiyyə” (Allah tərəfindən istənilməsinə ümid olunan bir əməl) niyyəti ilə yerinə yetirmək lazımdır.
Lakin qeyd etmək lazımdır ki, sözügedən rəvayətdə keçən "həmin gün insanların üzərindən qələmin qaldırılması" (günahların yazılmaması) kimi məzmunlar İslam şəriətinin fundamental prinsiplərinə tamamilə zidd olduğu üçün ilkin anlaşılan mənası məqbul sayılmır. Şəriət hökmləri və mükəlləfiyyət hər bir ağıllı və yetkin müsəlman üçün ilin bütün günlərində, o cümlədən bu gündə də qüvvədədir; odur ki bu tarixdə hər hansı bir günah, haram və ya şəriətə zidd əmələ yol vermək əsla caiz deyil. Məhz bu səbəbdən həmin rəvayətdəki bu ifadə fərqli, şəriətə uyğun mənalara yozulmuşdur.
HADİS.AZ
Copyright 2026 Hadis.Az