Cavab

Sual

Salam Aleykum. Allah sizləri müvəffəq etsin. Sualım zərr aləmi haqdadır ki, təklif edilib qəbul olunub və olunmayıb bu insanlara aiddir bəs heyvanlar necə onların haqq hesabı ümumiyyətlə var bəzi şəxslər deyillər ki, onlardan iman gətirənlərdə var halbuki bu haqda qarşımıza bir hədis çıxmayıb sualı bir çox insanların adından verirəm mümkünsə bu sualımızı cavablayardız.

Cavab

Aleykum salam. Təşəkkür edirik.

Bu məsələ müsəlman alimləri arasında ixtilaflı mövzulardan biridir: Görəsən heyvanlar da insanlar kimi dirildilib məhşərə gətiriləcəklərmi? Əgər gətiriləcəklərsə, bunda məqsəd (hikmət) nədir? Və məhşərdən sonra onlar qalacaqlar, yoxsa yox olacaqlar?

Heyvanların dirildilməsi (həşr olunması)

Şiə və sünni kəlam alimlərinin böyük əksəriyyətinin rəyinə görə, heyvanlar qiyamət günü qisas (haqq-hesab) üçün məhşərə gətiriləcəklər. Buna Uca Allahın bu ayəsi dəlalət edir: "Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir" (Ənam surəsi, 38). Həmçinin Rəbbimiz buyurur: "Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman" (Təkvir surəsi, 5).

Böyük müfəssir Şeyx Təbərsi "Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar" ayəsinin təfsirində yazır: "Yəni qullar (insanlar) məhşərə toplandığı kimi, heyvanlar da öldükdən sonra qiyamət günü Allahın hüzuruna toplanacaqlar. Allah-taala (dünyada) əziyyət çəkmiş heyvanların əvəzini (mükafatını) verəcək və onların birinin haqqını digərindən alacaqdır" (Məcməul-bəyan, c. 4, s. 49).

O digər ayənin "Vəhşi heyvanlar toplanacağı zaman" təfsirində isə belə qeyd edir: "Yəni bir-birlərindən qisas almaları üçün bir yerə toplanacaqlar; beləcə, buynuzsuz heyvanın haqqı buynuzlu heyvandan alınacaq. Allah-taala vəhşi heyvanları məhşərə gətirəcək ki, dünyada çəkdikləri ağrı və əziyyətlərin əvəzini onlara çatdırsın və aralarında ədaləti bərqərar etsin" (Məcməul-bəyan, c. 10, s. 277).

Rəvayətlərə gəlincə:

Əllamə Məclisi buyurur: "Heyvanların ümumi və xüsusi olaraq məhşərə gətirilməsinə, həmçinin onlardan bəzilərinin cənnətdə olacağına dair hədislər çoxdur (Biharul-ənvar, c. 7, s. 276).

Şeyx Kuleyni "əl-Kafi" kitabında öz sənədi ilə rəvayət edir ki, Möminlərin əmiri İmam Əli (ə) Kufədə minbərə çıxıb Allaha həmd-səna etdikdən sonra buyurdu: «Ey insanlar! Günahlar üç qisimdir». Daha sonra sükut etdi. Həbbə əl-Urəni ona dedi: "Ey Möminlərin əmiri, günahların üç qisim olduğunu buyurdun, sonra isə susdun?" İmam (ə) cavab verdi: "Mən onu yalnız izah etmək istədiyim üçün dilə gətirdim, lakin qəfildən təngnəfəslik mənə mane oldu. Bəli, günahlar üç qisimdir: bağışlanan günah, bağışlanmayan günah və sahibinin aqibəti üçün həm ümid etdiyimiz, həm də qorxduğumuz günah". Həbbə soruşdu: "Ey Möminlərin əmiri, onları bizə bəyan et". İmam (ə) buyurdu: 

«Bəli, bağışlanan günaha gəlincə: bu, Allahın günahına görə bəndəsini elə dünyadaca cəzalandırdığı əməldir. Allah Öz bəndəsini eyni günaha görə iki dəfə cəzalandırmaqdan daha Həlim və daha Kəramətlidir. Bağışlanmayan günaha gəlincə: bu, bəndələrin bir-birinə etdiyi haqlar və zülmlərdir (bəndə haqqı). Allah-taala bəndələrinin qarşısına təcəlli etdikdə Öz uca zatına and içərək buyuracaq: "İzzətimə və cəlalıma and olsun ki, bir-birinə toxunan iki ovucun, bir-birinə sürtülən iki əlin, hətta buynuzlu heyvanın buynuzsuz heyvanı vurmasının (buynuzlamasının) belə haqqı qorunmaq şərtilə heç bir zalımın zülmü Mənim hüzurumdan (haqq-hesabsız) keçməyəcək..."(əl-Kafi, c. 2, s. 243).

Bu şərif hədisdə bizim mövzumuza aid olan əsas məqam İmamın (ə) bu sözüdür: "Hətta buynuzlu heyvanın buynuzsuz heyvanı vurmasının (buynuzlamasının) belə haqqı qorunmaq şərtilə heç bir zalımın zülmü Mənim hüzurumdan (haqq-hesabsız) keçməyəcək". Yəni Uca Allah qiyamət günü dünyada buynuzlu heyvanın buynuzsuz heyvana vurduğu zərbənin belə qisasını alacaqdır.

Haqq-hesabdan sonra heyvanların aqibəti nə olacaq?

Heyvanların məhşərə gətirilməsi və aralarında qisas alındıqdan sonrakı aqibəti bizə tam məlum deyil. Görəsən onlar cənnət nemətləri içində qalacaqlar, yoxsa yox olacaqlar? Bu barədə alimlər arasında ixtilaf vardır.

​Lakin bəzi rəvayətlərdə dünyada yaşamış müəyyən heyvanların birbaşa cənnətə daxil olacağı bildirilmişdir. Məsələn, rəvayət olunub ki, Əshabi-Kəhfin iti, Bələm ibn Bauranın uzunqulağı və möminlərə işgəncə verməklə vəzifələndirilmiş zalım bir məmurunun (mühafizəçinin) oğlunu yeyən canavar cnnətə daxil olacaqlar. (Təfsirul-Qummi, c. 1, s. 248).

Həmçinin rəvayətlərdən aydın olur ki, Həzrət Salehin (ə) dəvəsi, Peyğəmbərimizin (s) Meraca çıxdığı Buraq və onun "Əzba" adlı dəvəsi də qiyamət günü Peyğəmbərimiz (s), Saleh peyğəmbər və Həzrət Zəhra (ə) tərəfindən minik vasitəsi olaraq istifadə ediləcək (Şeyx Səduq, "əl-Xisal", s. 204).

İmam Sadiqdən (ə) belə nəql olunub: "Hər hansı bir dəvənin üzərində üç il (fərqli bir rəvayətdə isə yeddi il) həcc ziyarəti edilərsə, o, cənnət heyvanlarından qərar verilər"(Şeyx Səduq, "əl-Xisal", s. 118).

Əbu Zərr rəvayət edir: "Mən Allah Rəsulunun (s) yanında idim, bu vaxt iki keçinin bir-birini buynuzladığını gördüm. Peyğəmbər (s) buyurdu: «Bilirsiniz onlar bir-birlərini niyə vurdular?» Yanındakılar: "Xeyr, bilmirik" — dedilər. Peyğəmbər (s) buyurdu: "Lakin Allah bilir və tezliklə (qiyamət günü) onların arasında hökm çıxaracaq" (Məcməul-bəyan, c. 4, s. 50).

İmam Sadiqdən (ə) nəql olunur ki, İmam Zeynulabidin (ə) vəfat yatağında olarkən oğlu İmam Baqirə (ə) belə vəsiyyət etdi: "Mən bu dəvəmin üzərində iyirmi dəfə həccə getmişəm və ona bir dəfə də olsun qırmanc vurmamışam. O öldüyü zaman onu basdır ki, ətini yırtıcı heyvanlar yeməsin. Çünki Allah Rəsulu (s) belə buyurmuşdur: "Hər hansı bir dəvə Ərafat dağında yeddi dəfə həcc mövsümündə dayandırılarsa, Allah onu cənnət heyvanlarından qərar verər və nəslinə bərəkət bəxş edər". Dəvə öldükdən sonra İmam Baqir (ə) onun üçün qəbir qazdı və onu basdırdı (Səvabul-əmal, s. 50).

​Bu və buna bənzər digər rəvayətlər açıq şəkildə dəlalət edir ki, dünyada xüsusi bir xidməti, itaəti və ya mübarək bir işdə rolu olmuş müəyyən heyvanlar mütləq Cənnətə daxil olacaqlar.

HADİS.AZ