Cavab
Sual
Cavab
Aleykum salam.
Böyük müctəhidlərin ustadı Ayətullahul Seyid Əbülqasim Xoyi Zeyd ibn Əli haqqında gəlib çatan hədisləri rical elmi baxımından dərindən araşdırmış və yekun elmi nəticə olaraq belə buyurmuşdur:
"Zeydin mədhi (tərifi), uca məqamı və onun öz qiyamı ilə yalnız yaxşılığı əmr edib, pislikdən çəkindirmək (əmr bil-məruf və nəhy ənil-münkər) məqsədi güddüyü barədə bizim qeyd etdiklərimizdən başqa da müstəfiz həddində rəvayətlər nəql olunmuşdur.
Bu rəvayətlərdən biri də [Şeyx] Kəşşinin öz sənədi ilə Füzeyl ər-Rəssandan – İsmayıl ibn Məhəmmədin [Seyid əl-Himyərinin] (133) tərcümeyi-halı bölməsində – nəql etdiyi hədisdir. [Füzeyl] dedi: "Zeyd ibn Əli qətlə yetirildikdən sonra İmam Sadiqin (ə) hüzuruna daxil oldum. İmam (ə) buyurdu:
"(Allah) ona rəhmət etsin! Agah olun ki, o, həqiqi bir mömin, (haqqı) tanıyan bir arif, alim və çox doğru danışan (sadiq) bir şəxs idi. Bilin ki, əgər qalib gəlsəydi, (verdiyi sözə) sadiq qalardı və əgər hakimiyyətə sahib olsaydı, onu hara (kimə) təslim edəcəyini çox gözəl bilirdi (hədisin ardı var)..."
Bizim bu söylədiklərimizi Zeydin hidayət imamlarının (ə) imamətini etiraf etdiyini göstərən bir çox rəvayətlər də təsdiqləyir ki, onlardan bir qismini artıq yuxarıda qeyd etmişdik.
Bizim qeyd etdiklərimizdən belə bir nəticə hasil olur ki: Zeyd uca məqamlı (cəlil) və tərifəlayiq (məmduh) bir şəxsiyyətdir. Əlimizdə onun məqamına xələl gətirəcək (onu qınayacaq) və ya onun haqdan uzaqlaşdığını göstərəcək heç bir şey yoxdur" (Mucəmu ricalil-hədis, c. 8, səh. 357, 366).
Seyid Xoyi bu hədisləri araşdırarkən Şeyx Müfidin də onun haqqında dediyi bu sözləri nəq edir:
"Zeyd ibn Əli ibn Hüseyn (ə) Əbu Cəfərdən (İmam Baqirdən) sonra qardaşlarının ən seçiləni və onların ən fəzilətlisi idi. O olduqca ibadətlə məşğul olan (abid), təqvalı, fəqih, səxavətli və şücaətli bir şəxsiyyət idi. Yaxşılığa əmr etmək, pislikdən çəkindirmək və İmam Hüseynin (ə) intiqamını almaq məqsədilə qılıncla (mübarizəyə) çıxdı" (Mucəmu ricalil-hədis, c. 8, səh. 355).
Şeyx Səduq isə "Uyunu əxbarir-Rza" kitabında (c. 1, səh. 225-226) belə nəql edir:
"İbn Əbu Əbdun atasından belə rəvayət edir: "Zeyd ibn Musa ibn Cəfər (İmam Rzanın qardaşı) Bəsrədə qiyam qaldırıb Abbasilərin evlərini yandırdıqdan sonra (əsir alınaraq) Məmunun hüzuruna gətirildiyi zaman Məmun onun cinayətini qardaşı Əli ibn Musa ər-Rzaya (ə) (görə) bağışladı və ona belə dedi:
— Ey Əbülhəsən! Qardaşın qiyam edib bu etdiklərini törətdi. Ondan əvvəl də Zeyd ibn Əli qiyam etmiş və öldürülmüşdü. Əgər sənin mənim yanımda uca məqamın (hörmətin) olmasaydı, mən qardaşını mütləq öldürərdim. Çünki onun törətdiyi əməl kiçik bir şey deyil.
İmam Rza (ə) cavabında buyurdu:
— Ey möminlərin əmiri! Mənim qardaşım Zeydi Zeyd ibn Əli ilə müqayisə etmə! Çünki Zeyd ibn Əli Ali-Məhəmmədin (Peyğəmbər nəslinin) böyük alimlərindən idi. O, Uca Allah üçün qəzəbləndi və Onun uğrunda şəhid olana qədər Allahın düşmənləri ilə cihad etdi. Atam Musa ibn Cəfər (ə) mənə danışmışdı ki, o, atasından — Cəfər ibn Məhəmməd ibn Əlinin (ə) belə buyurduğunu eşitmişdir: «Allah əmim Zeydə rəhmət etsin! O, insanları "Ali-Məhəmmədin seçilən rəhbərinə" (ər-Riza min Ali-Məhəmməd) çağırırdı. Əgər qələbə çalsaydı, verdiyi bu vədə mütləq sadiq qalacaqdı. O, qiyam etməzdən əvvəl mənimlə məsləhətləşdi və mən ona dedim: "Ey əmi, əgər Kunasədə (Kufədə yer adı) qətlə yetirilib dardan asılacaq şəxs olmağa razısansa, öz işindir». Zeyd getdikdən sonra Cəfər ibn Məhəmməd (İmam Sadiq) buyurdu: «Onun kömək harayını eşidib də fəryadına səs verməyən (ona kömək etməyən) şəxsin vay halına!»
Məmun soruşdu:
— Ey Əbülhəsən, bəs haqsız yerə imamlıq iddia edənlər barəsində gələn hədislər (o ağır xəbərdarlıqlar və təhdidlər) necə?
İmam Rza (ə) buyurdu:
— Zeyd ibn Əli əsla özünə aid olmayan bir haqqı (imamlığı) iddia etmədi. O, bu cür iddiadan qat-qat uca və pak bir insan idi. O yalnız: «Mən sizi Ali-Məhəmmədin (ə) seçilən və razı olunan rəhbərinə çağırıram» deyirdi. O ağır təhdidlər (hədislər) yalnız o kəslər barəsindədir ki, Allahın ona imamlıq nəss etdiyini (təyin etdiyini) yalandan iddia edir, sonra isə insanları Allahın dinindən başqa şeyə çağırır və elmsiz yerə Allahın yolundan azdırır. Allaha and olsun ki, Zeyd Uca Allahın bu ayədə xitab etdiyi kəslərdən idi: (Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı... (Həcc 78)"
Bütün bunlardan aydın olur ki, Zeyd imamlıq iddiası etməmiş, insanları özünə doğru dəvət etməmiş və qiyamında yalnız yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək məqsədi güdmüşdür. Böyük alimlərimizdən olan Şəhid Sani (v. 786 h.q.) isə onun qiyamının məsum imamın izni ilə olmasını irəli sürmüşdür. O, qiyam edən bəzi şəxslər barəsində belə yazır:
"Və ya (ola bilsin ki) onların bu çıxışı itaəti vacib olan bir imamın izni ilə olmuşdur; eynilə Zeyd ibn Əli və Əlinin (ə) nəslindən olan digər şəxslərin qiyamında olduğu kimi" ("əl-Qavaid vəl-Fəvaid" c. 2, səh. 207).
Hadis.az
Copyright 2026 Hadis.Az