İmam Hadi (ə)

İmam Hadi (ə)

İmam Məhəmməd Təqidən (ə) sonrakı imam onun oğlu Əbülhəsən Əli ibn Məhəmməddir (ə), çünki imamətin vəsfləri tam olaraq sadəcə onda toplanmış və fəzilət xüsusunda tam kamala çatmışdır. Eyni şəkildə hörmətli atasından onun imam olduğuna dair açıq-aydın buyuruqlar vardır. İmam Əli ibn Məhəmməd Hadi (ə) hicrətin 212-ci ilində, zilhəccə ayının ortasında (Mədinənin yaxınlığında yerləşən) Sərya kəndində anadan olmuş, 254-cü ilin rəcəb ayında “Surrə mən rəa” (Samirra) şəhərində vəfat etmişdir. Həmin vaxt İmam Hadi (ə) qırx bir yaşında idi. Mütəvəkkilin dəvəti ilə Mədinədən Yəhya ibn Hərsəmənin vasitəsilə Samirraya gəlmiş, orada qalmış və elə orada da vəfat etmişdir. İmamlıq dövrü otuz üç il davam etmişdir. İmam Hadinin (ə) anası “Ümmü-Vələd” ləqəbini daşıyan Səmanə idi.[1]

İmam Hadinin (ə) Samirraya gəlişi, vəfatının səbəbi və övladları haqqında qısa məlumat

İmam Hadinin (ə) Mədinədən Samirraya aparılmasına səbəb Abdullah ibn Məhəmmədin Mədinədə hərbi təlimlərə başçılıq etməsi və orada namaz qılması olmuşdur. O, Mütəvəkkilin qarşısında İmam Hadiyə (ə) qarşı kobudluq edir və daim o Həzrətə qarşı qərəz nümayiş etdirirdi. İmam Hadi (ə) onun əməllərindən agah olduqda, məktub yazaraq Abdullah ibn Məhəmmədin onu narahat etməsini və yalanlarını Mütəvəkkilə bildirdi. Mütəvəkkil göstəriş verdi ki, İmama (ə) cavab yazsınlar və onu Samirraya dəvət etsinlər. Mütəvəkkil tapşırıq verdi ki, İmamla (ə) mehriban rəftar etsinlər. Həmin məktubun məzmunu belə idi:

“Bağışlayan və mehriban Allahın adı ilə! Həqiqətən, möminlərin əmiri sənin qədr-qiymət və məqamını tanıyır, bizə qohum olduğunu nəzərə alır və haqqının müdafiəsini zəruri hesab edir. Sənin və ailənin işlərinin yaxşı olması üçün nə lazımdırsa, həyata keçirir.
Sənin izzətin xatirinə deyilənləri hazır edir. Bu işləri görməkdə məqsədi Allahın razılığı və sizin vacib olan haqqınıza riayət etməkdir. Möminlərin əmiri göstəriş vermişdir ki, Abdullah ibn Məhəmməd Mədinədə hərbi təlimlərə və namaza başçılıq etmək vəzifəsindən uzaqlaşdırılsın, çünki o, haqqınızı tanımadan sizin məqamınızı yüngül hesab etmişdir. Sizi elə bir işdə ittiham etmişdir ki, möminlərin əmirinin nəzərində bu cür eyibdən uzaqsınız və belə töhmətə aludə ola bilməzsiniz (Abdullahın məqsədi İmam Hadini (ə) xilafət davası etməkdə ittiham etmək idi). Xəlifə yaxşı bilir ki, siz düz deyirsiniz və özünüzü ittiham olunduğunuz işə (xilafətə) hazır etməmisiniz. Möminlərin əmiri Məhəmməd ibn Fəzli Mədinə valisi təyin etdi və ona göstəriş verdi ki, xətrinizi əziz tutsun, fərmanlarınıza əməl etsin. Bununla da Allaha və möminlərin əmirinə (Mütəvəkkilə) yaxın olmağa çalışsın. Bundan əlavə, möminlərin əmiri görüşünüzə nail olmaq və sizi ziyarət etmək şövqündədir. O sizinlə əhdini təzələməyi və sizi görməyi çox istəyir. Əgər onu ziyarət etmək məqsədilə yanında qalmağa meyliniz olsa, istəyiniz olduğu təqdirdə özünüz və ailənizdən olan kəslərlə, qulamlar və ətrafınızdakı istədiyiniz hər kəslə xəlifəyə tərəf arxayınlıqla hərəkət edin. Ürəyiniz istəyən kimi (istədiyiniz yolla) yolu qət edin və nə vaxt istəsəniz istirahət edin. Əgər istəyiniz olsa, möminlər əmirinin xüsusi təyinatlı sərkərdəsini və ona tabe olan ordunu da özünüzlə gətirin. Yol boyu dayanacaq yerlərin ixtiyarı və onların sizinlə birgə olub-olmaması da ixtiyarınızdadır. Biz onları əmrlərinizin icrası üçün ixtiyarınızda qoymuşuq. Allaha təvəkkül edib yola düşün və möminlərin əmirinin yanına gəlin. Əmirin nəzərində sizdən daha əziz heç kəs yoxdur və heç kəs xəlifənin qəlbini sizin kimi aram edə bilməz. Allahın salamı və bərəkəti üzərinizə olsun!

Yazan: İbrahim ibn Abbas. Hicrətin 243-cü ili, cəmadiyəlaxir ayı”.

Məktub İmam Hadiyə (ə) yetişdikdə o Həzrət köç etməyə və Samirraya getmək üçün hazırlaşmağa başladı. Yəhya ibn Hərsəmə də ona qoşuldu və birlikdə Samirraya gəlib çatdılar. İmam Hadi (ə) şəhərə daxil olduqda Mütəvəkkil (verdiyi bütün vədlərə rəğmən hörmətlə yanaşaraq) əsl simasını bir gün gizlədə bildi. İmam (ə) bir gün “yoxsulların karvansarayı” adlı karvansarada qaldı. Sonra İmamı (ə) Mütəvəkkilin göstərişi i hazırlanmış evə apardılar.

İbn Qovləveyh (öz sənədi ilə) Saleh ibn Səidin belə dediyini rəvayət edir: “Bir gün İmam Hadi (ə) Samirraya daxil olduqda mən onun görüşünə getdim və dedim: “Sizə fəda olum! Bunlar hər yerdə sizin nurunuzu söndürmək istəyirlər! Dəyərdən salmaq üçün sizi natəmiz və bədnam karvansarada saxlayıblar?” İmam (ə) soruşdu: “Ey Səidin oğlu! Sən də belə fikirləşirsən (bu mərhələdə bizim əqidəmizə sadiqsən)?”. Sonra əli ilə işarə etdi və mən təravətli bostanlar, axar çaylar və bağlar gördüm ki, orada gözəl ətirli qızlar, yeniyetmə oğlanlar sədəf kimi parlaq idilər. Mənim gözüm bu mənzərəni seyr etməkdən məəttəl qalmışdı və bu, çox qəribə hal idi. Bu zaman İmam Hadi (ə) buyurdu: “Ey Səidin oğlu! Biz harada oluruqsa olaq, bu nemətlər bizim üçün mövcud olur, biz yoxsulların karvansarayında deyilik!”

İmam Hadi (ə) bir müddət evində ehtiramla saxlanıldı və zahirən o Həzrətin xətrini əziz tuturdular. Mütəvəkkil çox çalışırdı ki, İmama (ə) qarşı hiylə işlətsin, amma buna nail olmurdu. Bu haqda çoxlu dastanlar və rəvayətlər mövcuddur.

İmam Hadi (ə) hicrətin 254-cü ilində, rəcəb ayında “Surrə mən rəa” şəhərində (Samirrada) vəfat etdi. Cənazəsini qaldığı evdə (Samirradakı öz evində) dəfn etdilər. İmamın (ə) öz əvəzinə yadigar buraxdığı övladlarından biri Əbu Məhəmməd Həsən ibn Əlidir (ə). O (İmam Əskəri), atasından sonra imamlıq məqamına layiq olmuşdur. İmam Hadinin (ə) Hüseyn, Məhəmməd, Cəfər adlı oğul övladları və Aişə adlı bir qız övladı da olmuşdur. İmam Hadi (ə) vəfat etdiyi günə qədər Samirrada on il və bir neçə ay qaldı. O Həzrət vəfat etdiyi zaman qırx bir yaşında idi.[2]

Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.

Hadis.az


[1] Şeyx Mufid, Əl-İrşad (azərbaycanca tərcümə), səh. 490.

[2] Həmin mənbə, səh. 496-497.