İmam Əli (ə)
İmam Əli (ə)
İmam Əlinin dünyaya gəlməsi və valideynləri (ə) haqqında
Bu hissə Möminlərin əmiri, müsəlmanların ilk imamı, Allahın Peyğəmbərdən (s) sonra yer üzündəki canişinlərinin birincisi, son peyğəmbər olan Məhəmməd ibn Abdullahın (s) arxa-dayağı və güvəndiyi insan olan Əli ibn Əbu Talibin (ə) həyatı haqqındadır. Allah rəsulunun (s) qardaşı, əmisi oğlu, hər iki dünya xanımlarının seyidəsi olan Fatimeyi Zəhranın (ə) həyat yoldaşı olan Əli (ə) Əbu Talibin oğludur. Əbu Talib (ə) Haşimin, Haşim də Əbdümənafın oğludur. O (Əli), vəsilərin ağasıdır. Künyəsi Əbülhəsəndir. 30-cu Fil ilinin rəcəb ayının on üçündə, cümə günü (Əbrəhənin Kəbə evini dağıtmaq üçün Məkkəyə etdiyi hücumdan otuz il sonra), Məkkə şəhərində, Kəbə evində dünyaya gəlmişdir. Ondan əvvəl və sonra heç kim Beytullahil-Hərəmdə (Kəbə evində) dünyaya gəlməmişdir. Bu da Allah-taalanın o Həzrətə inayət etdiyi ucalıq, əzəmət və ehtiramdır. Anası Haşim ibn Əbdümənafın nəslindən olan Fatimə bint Əsəddir. O, (Əlinin (ə) anası olmaqla yanaşı,) Allah rəsulu (s) üçün də ana kimi idi. Peyğəmbər (s) onun qucağında böyüyüb boya-başa çatmışdır. Bu səbəbdən də Allah rəsulu (s) bu qadının ona etdiyi yaxşılıqları xeyirlə xatırlayırdı. Fatimə bint Əsəd Peyğəmbərə (s) ilk iman gətirənlərdən olub, mühacirlərlə birlikdə (Mədinəyə) hicrət etmişdir. Vəfat etdiyi zaman Allah rəsulu (s) onu öz köynəyi ilə kəfənləmişdir. Qəbir əzabından qorunması üçün dəfn edilməmişdən əvvəl Peyğəmbər (s) özü onun qəbrinə uzanmışdır. Qəbrə qoyulduqdan sonra Allah rəsulu (s) ona oğlu Möminlərin əmirinin (ə) vilayət və imamətini iqrar etməsini təlqin etmişdir ki, qəbirdə sorğul-sual olunduğu zaman cavab verə bilsin. Allah və rəsulunun (s) yanında sahib olduğu mövqe ona bu qədər fəzilət qazandırmışdır. Bu, bütün tarixçilər tərəfindən qəbul olunur. Möminlərin əmiri Əli ibn Əbu Talib (ə) və qardaşları soy-kökləri hər iki tərəfdən (ata və ana tərəfdən) Haşim ibn Əbdümənafa yetişən ilk şəxslərdəndirlər. Həm bu səbəbdən, həm də Allah rəsulunun (s) qucağında böyüdüyü, onun vərdiş və əxlaqına yiyələndiyinə görə Əli ibn Əbu Talib (ə) iki şərəfə birdən çatmışdır.[1]
İmam Əlinin (əleyhissalam) imamlıq dövrü
Allah rəsulundan (s) sonra Həzrət Əlinin (ə) imamlıq dövrü otuz il davam etmişdir. Həzrət Əli (ə) həmin müddətin iyirmi dörd il altı ayını İslam dövlətinin idarəsinə və İslam hökmlərinə müdaxilə etmədən keçirmişdir. O, bu müddət ərzində davamlı şəkildə təqiyyə edərək öz nəzərlərini, həqiqətlərini açıqlamamış və işin idarəsində olanlarla birlikdə çalışmışdır. Həzrət Əli (ə) (xəlifə olduğu) beş il altı aylıq müddət ərzində vaxtın əksər hissəsini münafiqlərlə döyüşlərdə keçirmişdir.[2]
İmam Əlinin (əleyhissalam) şəhadəti və onun pak məzarı
Möminlərin əmiri Əli (ə) hicrətin 40-cı ilində, Ramazan ayının iyirmi birinə təsadüf edən cümə gecəsi şəhid olmuşdur. Həzrət Əli (ə) Əbdürrəhman ibn Mülcəm Muradinin Kufə məscidində vurduğu qılıncın zərbəsi nəticəsində vəfat etmişdir. O Həzrət Ramazan ayının on doqquzuncu gecəsi sübh namazını qılmaq üçün evindən çıxıb, məscidə gəlib yatanları oyadarkən, yatanlar arasında olan, axşamdan bəri İmamı (ə) gözləyən və özünü yatmış kimi aparan məlun qatil qəfildən zəhərli qılıncını çəkib İmamın (ə) başına (zərbə) endirdi. Həzrət Əli (ə) bu zərbənin nəticəsində on doqquzuncu gün, iyirminci günün
gündüz və gecəsi, iyirmi birinci gecənin üçdə-bir miqdarını yaşayıb, dünyadan köçdü və Allah-taalaya qovuşdu. Həzrət Əli (ə) belə bir hadisənin olacağını əvvəlcədən camaata xəbər vermişdi. İmamın (ə) istəyi ilə qüsl və kəfənləmə işlərini oğulları İmam Həsən və İmam Hüseyn (ə) öz öhdələrinə götürdülər. Həzrət Əlinin (ə) cənazəsini Kufənin “Nəcəf” adlanan tərəfinə aparıb dəfn etdilər. Həzrət Əli (ə) özündən sonra Üməyyə oğullarının hakimiyyətə gələcəyini və onların ona qarşı düşmənçiliklərini, onların vəziyyəti hara aparacaqlarını bilirdi. Üməyyə oğullarının daşıdıqları pis niyyətləri səbəbilə daim pis işlər yerinə yetirəcəklərini və pak ailəsi (Əhli-beyt) haqqında pis sözlər işlətməkdən çəkinməyəcəklərini də çox yaxşı bilirdi. Buna görə də Üməyyə oğullarının səltənəti dağılıb, Abbasilər hakimiyyətə gələnə qədər İmamın (ə) məzarı həmişə gizli qalırdı. Abbasilər dövründə İmam Sadiq (ə) Möminlərin əmiri Əlinin (ə) məzarını göstərmişdir. Həmin vaxt Mənsur Dəvaniqi Kufə şəhərindən üç mənzillik məsafədə olan Ğəriydə idi. İmam Sadiq (ə) onunla görüşməyə gedərkən İmam Əlinin (ə) şərafətli məzarını ziyarət etmiş və beləcə, şiələr o mübarək türbətin yerini öyrənmişlər. Həzrət Əli (ə) dünyadan köçüb, bir an belə qafil olmadığı Rəbbinə qovuşduğu vaxt altmış üç yaşında idi.[3]
İmam Əlinin (əleyhissalam) üstünlüyünə dair bir neçə hədis
Muhəmməd ibn Müzəffər Bəzzaz (öz sənədi ilə) Qeysdən Əbu Harunun ona belə dediyini nəql edir: “Əbu Səid Xudrinin yanına getmişdim. Ondan belə soruşdum: “Bədr döyüşü baş verəndə sən də oradaydın?” O “bəli” - deyərək cavab verdi və belə əlavə etdi: “Bir gün Həzrət Fatimə (ə) ağlayaraq Allah rəsulunun (s) yanına gəlib, dərdini belə bildirdi: “Ey Allahın rəsulu! Qüreyş qadınları Əlinin yoxsulluğu və fəqirliyinə görə məni qınayırlar. Allah rəsulu (s) qızına (təsəlli verərək) belə buyurdu: “Ey Fatimə! Ərinin hər kəsdən əvvəl müsəlman olan və hər kəsdən daha elmli olan bir şəxs olmasından xoşnud deyilsənmi? Allah-taala dünya sakinlərinə lütf edərək, onların arasından sənin atanı seçib peyğəmbər qərar verdi. Allah-taala dünya sakinlərinə lütf edərək, onların arasından sənin ərini seçib vəsi qərar verdi. Allah-taala səni onunla nikahlayıb, səni ona həyat yoldaşı etməyim üçün mənə vəhy etdi. Ey Fatimə! Allah səni hörmətli edərək insanların ən səbirlisini, ən elmlisini və ən əvvəl müsəlman olan şəxsi səninlə evləndirdi”. Həzrət Fatimənin (ə) üzündə təbəssüm göründü. Allah rəsulu (s) sözünə belə davam etdi:
“Ey Fatimə! (Allah-taala tərəfindən) Əliyə səkkiz fəzilət verilmişdir ki, indiyə qədər dünyaya gələn və bundan sonra dünyaya gələcək insanların heç birinə verilməmişdir:
O, dünya və axirətdə mənim qardaşımdır. Heç kəs bu fəzilətə sahib
deyildir;
Cənnət xanımlarının seyidəsi olan sən onun həyat yoldaşısan;
Rəhmətzadələr olan nəvələrim (İmam Həsən və İmam Hüseyn) onun
övladlarıdır;
Onun qardaşı (Cəfər ibn Əbu Talib) qanadlanaraq cənnəti bəzəmiş və
mələklərlə istədiyi yerə uçur;
İlk və son elm ondadır;
O mənə ilk iman gətirən şəxsdir;
Ölməmişdən əvvəl məni görəcək son şəxs də odur;
Mənim vəsim də, varisim də odur”.
Məhəmməd ibn Əymən, İbn Abbasın qulu olan Əbu Hazimdən bu hədisi eşitdiyini nəql edir: “Allah rəsulunun (s) Əli ibn Əbu Talibə (ə) belə buyurduğunu eşitdim: “Ey Əli! Sənə qarşı davaya çıxanlara sən özünün yeddi məziyyətinlə üstün gələrsən ki, bu məziyyətlər onların heç birində yoxdur:
1)Sən mənə iman gətirən ilk şəxssən;
2)(Sən din düşmənləri ilə) döyüşmək və cihad etməkdə hər kəsdən daha
böyüksən;
3)Sən Allahın günlərini hamıdan daha yaxşı bilirsən;
4)Sən Allahın əhdinə vəfa etməkdə hamıdan daha vəfalısan;
5)Sən camaata qarşı hər kəsdən daha çox sevgi bəsləyirsən;
6)Sən (beytül-malı) bərabər bölməkdə hər kəsdən daha yaxşısan;
7) Sən fəzilət baxımından Allahın yanında hər kəsdən daha üstünsən”.
Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s) Həzrət Əli (ə) haqqında soruşduqda, Allah rəsulu (s) belə buyurmuşdur: “O, bəşərin ən xeyirlisidir. Yalnız kafir onun barəsində şəkk edə bilər”.[4]
Qeyd olunmuş məlumatlar Şeyx Mufidin Azərbaycan dilinə tərcümə olunmuş “əl-İrşad” kitabından götürülmüşdür.
Hadis.az
Copyright 2025 Hadis.Az