Ravi

-

Mətn

Əhməd ibn Əli Təbərsi (v. 588 h.q.) özünün “əl-İhticac” əsərində öz sənədi ilə İmam Baqirdən (ə) Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi geniş xütbəni belə nəql edir: Əbu Cəfər Məhəmməd ibn Əli (ə) belə buyurdu: “Peyğəmbər (s) həcc və vilayətdən başqa dinin bütün hökmlərini öz qövmünə bəyan etdikdən sonra Mədinədən həccə yola düşdü. Cəbrail onun yanına gələrək ona belə dedi: “Ey Məhəmməd, Allah-taala sənə salam deyərək belə buyurur: “Mən dinimi kamil etmədən və höccətimi təkidlə bildirmədən heç bir peyğəmbər və rəsulumun canını almıram. Sənin boynunda qövmünə çatdırmaq üçün iki vacib məsələ qalmışdır: bunlar həcc və səndən sonra olacaq vilayət və xilafətdir. Mən yer üzərini höccətsiz qoymamışam və heç vaxt da qoymaram”. (Cəbrail sözünə davam edərək belə dedi:) Allah sənə həcci insanlara çatdırmağı əmr edir. Sən həcci yerinə yetir. Mədinə və onun ətrafında olanlardan, həmçinin bədəvi ərəblərdən də gücü çatanlar səninlə bərabər həcci yerinə yetirsinlər. Onlara namazlarını, zəkatlarını və oruclarını öyrətdiyin kimi, həclərinin hökmlərini onlara öyrət. Dinin digər hökmlərini onlara bildirdiyin kimi, bunu da onlara bildir”. Peyğəmbərin (s) carçısı insanlar içində car çəkərək belə dedi: “Agah olun, Allahın rəsulu həccə getmək və sizə dinin digər hökmlərini öyrətdiyi kimi, həccin də hökmlərini öyrətmək istəyir. (Peyğəmbər (s) Mədinədən) çıxdı. İnsanlar da onunla yanaşı çıxdılar. Ona diqqətlə qulaq asırdılar ki, o nə edirsə, onlar da təkrar etsinlər. Peyğəmbərlə birgə həcc etdilər. Mədinədən və onun ətrafından, həmçinin bədəvi ərəblərdən Peyğəmbərlə yanaşı həcc edənlərin sayı yetmiş min və ya bundan bir az çox idi. Bu, Musanın Harun üçün beyət aldığı, sonradan beyətlərini sındırıb buzova və Samiriyə tabe olan yetmiş min nəfərin sayı qədərində idi. Peyğəmbər (s) də Musanın əshabı sayında olan insanlardan Əlinin xilafəti üçün beyət aldı. Onlar da beyəti sındırdılar, buzov və Samiriyə tabe oldular. Bu eynilə onların sünnə və misalının təkrarı idi. Məkkə ilə Mədinə arasını təlbiyə (insanların “ləbbeyk” deməsi) birləşdirirdi. Bir miqdar məsafə getdikdən sonra Cəbrail Allah-taala tərəfindən Peyğəmbərin yanına gələrək belə dedi: “Ey Məhəmməd, Allah-taala sənə salam deyərək belə buyurur: “Sənin müddətin artıq sona yetir və mən səndən ondan qaçış olmayana (ölümə) hazırlaşmağı tələb edirəm. Öz əhdini bağla və vəsiyyətini et. Öz elmini, səndən əvvəlki peyğəmbərlərin elmlərinin mirasını, silahı, tabutu və sənin yanında olan peyğəmbərlərin bütün nişanələrini toplayaraq səndən sonra vəsin və xəlifən, mənim yaratdıqlarım üzərində olan böyük höccətim Əli ibn Əbu Talibə təslim et. Onu insanlar üçün başçı təyin et. İnsanlarla onun beyət və əhdini yenilə. Onlara mənim dostum, onların və bütün mömin-möminələrin mövlası olan Əli ibn Əbu Talibin vilayəti barədə bağladığım əhd və beyəti xatırlat. Mən dostlarımın vilayəti və düşmənlərimin düşmənçiliyi ilə dinimi və höccətimi kamil etmədən və nemətimi tamamlamadan heç bir peyğəmbərin canını almıram. Dostuma tabe olmaq və ona itaət etməkdən ibarət olan bu iş tövhidimin və dinimin kamalı və yaratdıqlarıma olan nemətimin tamamıdır. Mən yer üzərini vəlisiz və yaratdıqlarım üzərində mənim höccətim olan bir rəhbərsiz qoymaram. Mənim vəlim və bütün mömin-möminələrin mövlası olan Əlinin vilayəti ilə bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə öz nemətimi tamamladım və bir din kimi sizin üçün İslamı qəbul etdim. O mənim bəndəm, Peyğəmbərin vəsisi və ondan sonra xəlifə, yaratdıqlarım üzərindəki höccətimdir. Onun itaəti peyğəmbərim Məhəmmədin itaəti ilə yanaşıdır. Onun itaəti Məhəmmədin itaəti ilə birgə mənim itaətim ilə (də) yanaşıdır. Kim ona itaət edərsə, mənə itaət etmişdir. Kim ona qarşı çıxarsa, mənə qarşı çıxmışdır. Onu özümlə yaratdıqlarım arasında nişanə qərar vermişəm. Kim onu tanıyarsa, mömin olar. Kim onu inkar edərsə, kafir olar. Kim onun beyətinə başqa birini şərik qoşarsa, müşrik olar. Kim onun vilayətini qəbul edərək mənim görüşümə gələrsə, cənnətə daxil olar. Kim onunla düşmənçilik edən halda mənim görüşümə gələrsə, cəhənnəmə daxil olar. Ey Məhəmməd, Əlini onlar üçün başçı təyin et. Onlardan onun (Əli) üçün beyət al və onlarla əvvəlcədən bağladığım əhdi yenilə. Mən səni öz yanıma aparacağam”. Peyğəmbər (s) öz qövmündə olan münafiqlərin Əliyə bəslədiyi kin və düşmənçilikdən xəbərdar olduğu və onların ümmətin içində parçalanma salacağından və cahiliyyət dövrünə qayıdacaqlarından qorxduğu üçün Cəbraildən istədi ki, rəbbindən onu insanlardan qorumağı istəsin. Sonra o, Cəbrailin Allahın onu insanlardan qoruması xəbərini gətirməsini gözlədi. Xeyf məscidinə qədər bu işi təxirə saldı. Cəbrail Xeyf məscidində onun yanına gələrək ona insanlarla əhd bağlamağı və Əlini onlar üçün rəhbər təyin etməyi əmr etdi. Lakin onun üçün insanlardan qorunma xəbərini gətirməmişdi. (Peyğəmbər (s)) buyurdu: “Ey Cəbrail, mən qövmümün məni təkzib etməsindən və Əli haqqında dediyim sözü qəbul etməməsindən qorxuram”. Cəbrail geri qayıtdı. Peyğəmbər Cöhfəyə üç mil qalmış Qədir-xum adlanan yerə çatdıqda nahardan beş saat keçdikdən sonra Cəbrail onu insanlardan qorumaq xəbəri ilə gələrək belə dedi: “Ey Məhəmməd, Allah sənə salam söyləyərək belə buyurur: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə - Əli haqqında - nazil olanı çatdır! Əgər (bunu) etməsən, onun risalətini çatdırmamısan. Allah səni insanlardan qoruyacaq”. Karvanın öndə olanları Cöhfəyə yaxın idilər. O (Cəbrail), qabağa gedənlərin geri qaytarılıb, geridə qalanların isə olduqları yerdə saxlanılaraq Əlinin insanlar üçün rəhbər təyin olunmasını və Allahın Əli barəsində nazil etdiyini onlara çatdırmasını əmr etdi və Peyğəmbərə (s) Allahın onu insanlardan qoruyacağını xəbər verdi. Peyğəmbərə (s) Allahın onu insanlardan qoruyacağı barədə xəbər gəldikdən sonra o, nidaçının insanları camaat namazına çağırmasını, öndə olanların geri qaytarılmasını, geridə qalanların isə olduqları yerdə saxlanılmasını əmr etdi. Peyğəmbər ağaclıq bir yerdə olduğu halda, yolun sağ tərəfindən Qədir-xum məscidinin yaxınlığına çəkildi. Bunu ona Allah tərəfindən Cəbrail əmr etmişdi. Peyğəmbər (s) onların öz altlarını süpürmələrini və insanlara hündür yerdən baxması üçün minbər şəklində bir daşın qoyulmasını əmr etdi. Öndə olanlar geri qayıtdılar, geridə qalanlar isə olduqları yerdə saxlanıldı. Peyğəmbər (s) həmin daşların üzərinə çıxdı. Allaha həmd və səna edərək belə buyurdu: “Həmd olsun o Allaha ki, tək və şəriksizdir, sultanlığı və mülkü əzəmətlidir. “Hər bir şey öz yerində olduğu halda o hər şeyi öz elmi ilə əhatə edib”. Öz qüdrəti və burhanı ilə bütün məxluqatı özünə tabe edib. Uca məqamlıdır. Həmd ediləndir. Göy və ondan aşağıda olanları yaradandır. Yeri döşəyəndir. Yerləri və göyləri öz qüdrəti ilə idarəedəndir. Müqəddəs tutulan və təsbih ediləndir. Mələklərin və ruhun rəbbidir. Yaratdıqlarının hamısına öz fəzlindən əta edir. Gözlər onu görmədiyi halda, o bütün gözlərə nəzarət edir. Kərimdir, helm və səbir sahibidir. Hər şeyi onun rəhməti əhatə edib. Hər şeyə öz neməti ilə minnət qoyub. Əzaba layiq olanlara tez bir zamanda əzab verməyə və onlardan intiqam almağa tələsmir. İnsanların gizlətdiklərini bilir və heç bir gizlin ona gizli qalmır. Onun hər şeyə əhatəsi var. Hər şeyə qalibdir, hər şeyə qüdrət və qüvvəti çatır. Onun mislində heç bir şey yoxdur. Heç bir şey olmadığı halda o, əşyaları yaratmağa başladı. Daimidir. Əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa bir ilah yoxdur. “O, izzət və hikmət sahibidir”. Gözlərin onu görməsindən çox ucadır. O, gözləri dərk edər. “Lətifdir və hər şeydən xəbərdardır”. Heç kim onu görərək vəsf edə bilməz. İstər gizlində, istərsə də aşkarda heç kim onun necə olduğunu bilə bilməz. Onu yalnız özünün göstərdiyi yolla tanımaq mümkündür. Şəhadət verirəm ki, onun müqəddəsliyi əbədiyyəti əhatə edib. Onun nuru əbədiyyəti bürüyüb. İşləri heç bir məşvərət edənin məşvərəti olmadan həyata keçirir. Verdiyi hökmdə heç bir şəriki yoxdur. Tədbirində heç bir dəyişiklik olmaz. Yaratdıqlarına heç bir bənzər olmadan surət verdi. Hər nə yaratdısa, heç kimdən kömək almadan, əziyyət çəkmədən və fikirləşmədən yaratdı. Yaratdıqları ondan ayrıdır. “O ondan başqa bir ilah olmayan Allahdır”. Onun işləri dəqiq və gözəldir. O, zülm etməyən ədalətlidir. Bütün işlərin ona qayıtdığı bir kərəm sahibidir. Şəhadət verirəm ki, bütün şeylər onun qüdrəti qarşısında kiçilmiş və hamısı onun heybətinin müqabilində müti olmuşdur. Fələkləri hərəkətə gətirəndir. Günəşi və ayı (özünə) ram edəndir. “Onların hər biri müəyyən bir müddətədək hərəkətdədir”. “Həmişə gecəni gündüzə və gündüzü gecəyə bürüyür”. “Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır”. Hər bir inadkar təkəbbürlünü sındıran, bütün itaətdən çıxmış şeytanları məhv edən odur. Onun ziddi və şəriki yoxdur. Təkdir. Ehtiyacsızdır. Doğmayıb və doğulmayıb. Heç kim ona həmtay ola bilməz. İlahdır, Vahiddir və uca olan bir rəbdir. İstədiyini imza edir, iradə etdiyini gerçəkləşdirir. Bilir və hesaba çəkir. Öldürür və dirildir. (İstədiyini) ehtiyaclı edir və (istədiyini) ehtiyacsız edir. Güldürür və ağladır. Qarşısını alır və əta edir. Bütün mülklər onundur. Bütün həmdlər ona məxsusdur. Xeyir onun əlindədir. “O hər şeyə qadirdir”. “Gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar”. Ondan başqa bir ilah yoxdur. Yenilməz qüdrət sahibi və çox bağışlayandır. Duaları qəbul edən, bol-bol əta edəndir. Nəfəsləri sayan, cənnətin və insanların rəbbidir. Onun üçün heç bir maneə yoxdur. Fəryad edənlərin fəryadı ona əziyyət verməz. İnad edənlərin inadı onu (heç nədən) çəkindirməz. Salehləri qoruyan, nicata çatmışları müvəffəq edəndir. Bütün aləmlərin ixtiyar sahibidir. Hər bir yaratdığının ona şükür və həmd etməsinə layiqdir. Yaxşı və pis gündə, bəla və rahatlıqda ona həmd edirəm. Ona, onun mələklərinə, kitablarına və elçilərinə iman gətirirəm. Onun əmrinə qulaq asıb itaət edir, onun razı olduğu hər bir işə tələsirəm. Onun verdiyi hökmlərə təslim oluram. Bunları onun itaətinə rəğbət bəslədiyim və onun əzabından qorxduğum üçün edirəm. Çünki o elə bir Allahdır ki, onun hiyləsindən (əzabından) arxayın olunmaz, zülmündən isə qorxulmaz. Özümün onun bəndəsi olmağımı iqrar edirəm və onun rəbb olmasına şəhadət verirəm. Onun mənə vəhy etdiklərini çatdırıram ki, məbada mənim bunu etməməyim səbəbilə onun həlak edən əzabı mənə şamil olsun. Məni onun əzabından heç kim qoruya bilməz. Ondan başqa bir ilah yoxdur. Çünki o mənə bildirib ki, əgər mən mənə nazil olmuşu çatdırmasam, onun tapşırığını çatdırmamış olacağam. Allah məni qoruyacağına zəmanət verib. O, kifayətedən və Kərim olan Allahdır. Mənə vəhy edərək belə buyurub: “Bağışlayan və mehriban Allahın adı ilə... “Ey Peyğəmbər, Rəbbin tərəfindən Əli haqqında, yəni Əli ibn Əbu Talibin xilafəti haqqında sənə nazil olmuşu insanlara çatdır. Əgər bunu etməsən, onun risalətini (tapşırığını) çatdırmamısan. Allah səni insanlardan qoruyacaq”. Ey insanlar, mən Allahın mənə nazil etdiyini sizə çatdırmaqda səhlənkarlıq etməmişəm. Mən sizə bu ayənin nazil olma səbəbini deyəcəyəm. Cəbrail üç dəfə mənim yanıma nazil olaraq xəbər verib ki, Salam olan Rəbbim öz salamını mənə çatdırdıqdan sonra mənə əmr edərək burada dayanmağımı və hər bir ağ və qara insana qardaşım, vəsim, xəlifəm, məndən sonra imam, mənə olan nisbəti Harunun Musaya olan nisbəti kimi olan — bir fərqlə ki, məndən sonra peyğəmbər yoxdur — Əli ibn Əbu Talibin Allahdan və rəsulundan sonra sizin ixtiyar sahibiniz olmasını çatdırmağımı bildirib. Allah-taala bu barədə öz kitabında mənə ayə nazil etmişdir: “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir”. Əli ibn Əbu Talib namaz qılmış və rüku halında zəkat vermişdir. O hər bir halda Allahı istəyir. Cəbraildən istədim ki, Allah məni bunu sizə çatdırmaqdan azad etsin. Ey insanlar, bunun səbəbi isə mənim təqvalıların az, münafiqlərin çox olması, günahkarların xəyanəti və İslam dini ilə istehza edənlərin hiylələri barədə olan elmimdir. Allah öz kitabında onların xüsusiyyətlərini sadalayaraq belə buyurur: “Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər”. “Onu asan sanırdınız. Halbuki o, Allah yanında böyük idi”. Onlar mənə çoxlu əziyyətlər veriblər. Hətta məni “qulaq” (hər bir kəsin sözünü qəbul edən) adlandırıblar. Onlar elə güman ediblər ki, onlar mənim yanıma çoxlu gəldiyi və mənim onları qəbul etdiyim üçün mən eləyəm. Hətta Allah-taala Quranda bu barədə ayə nazil edərək belə buyurmuşdu: “Onların bəziləri Peyğəmbəri incidir və “o, “qulaqdır” (hər bir kəsin sözünü qəbul edir)!” deyirlər. De: “Qulaq – onu qulaq hesab edən şəxslər üçün – daha xeyirlidir, Allahı və möminləri təsdiqləyir”. Əgər mən onların adlarını çəkmək istəsəydim, adlarını çəkərdim, onları aşkarda göstərmək istəsəydim, göstərərdim və onların kim olduğunu bildirmək istəsəydim, bildirərdim. Lakin, Allaha and olsun ki, mən onlar barəsində güzəşt etdim. Bütün bunlarla yanaşı, Allah-taala yalnız mənə nazil olanı çatdırmağımla məndən razı olacaq. Sonra Peyğəmbər (s) bu ayəni oxudu: “Ey Peyğəmbər, Rəbbin tərəfindən – Əli haqqında – sənə nazil olanı çatdır. Əgər bunu etməsən, onun risalətini (tapşırığını) çatdırmamısan. Allah səni insanlardan qoruyacaq”. Ey insanlar, bilin ki, Allah onu sizin üçün ixtiyar sahibi, imam təyin etmişdir. Mühacirlərin, ənsarın, onların arxasınca gəlib yaxşı işlərdə onlara tabe olanların (tabeinlərin), səhrada və ya şəhərdə yaşayanların, ərəb və ərəb olmayanın, azad və qulun, böyük və balacanın, qara və ağın — Allahın təkliyini qəbul edən hər bir şəxsin ona itaət etməsi vacib edilmişdir. Verdiyi hökm icra olunmalı, sözü məqbul, əmri isə keçərli olmalıdır. Ona müxalif olan lənətlənmiş, ona tabe olana isə rəhmət olunmuşdur. Onu təsdiqləyən mömindir. Allah ona və ona qulaq asıb itaət edənə öz məğfirətini şamil edər. Ey insanlar, mən bu yerdə axırıncı dəfə dururam. Mənim sözümü eşidin və itaət edin. Rəbbinizin əmrinə boyun əyin. Allah sizin mövlanız (ixtiyar sahibiniz) və ilahınızdır. Ondan sonra Məhəmməd sizin vəliniz (ixtiyar sahibiniz), sizə xitab edən şəxsdir. Ondan sonra isə Əli sizin vəliniz (ixtiyar sahibiniz) və imamınızdır. Ondan sonra imamət Allah və onun rəsulu ilə görüşəcəyiniz günə qədər onun (Əlinin) övladlarından olan mənim zürriyyətimdə olacaq. Allahın halal etdiyindən başqa halal, haram etdiyindən başqa haram yoxdur. O mənə halal və haramı öyrətdi. Mən də Rəbbimin mənə öz kitabından, halal və haramından öyrətdiklərini ona (Əliyə) ötürdüm. Ey insanlar, bütün elmləri Allah mənə bildirmişdir. Mən də bütün bildiyim elmləri təqvalıların imamına (İmam Əliyə) bildirmişəm. Elə bir elm yoxdur ki, mən onu Əliyə öyrətməyim. O, açıqlayan imamdır. Ey insanlar, ondan uzaqlaşmayın və onun rəhbərliyinin müqabilində təkəbbürlük etməyin. O, haqqa hidayət edən və ona əməl edəndir. Batili aradan aparıb ondan çəkindirəndir. Heç bir danlaq edənin danlağı onu Allah yolundakı işindən saxlamaz. O, Allaha və onun rəsuluna ilk iman gətirən şəxsdir. O öz canını Peyğəmbərə fəda edəndir. O, Peyğəmbərlə yanaşı heç bir şəxs Allaha ibadət etməyəndə Allah rəsulu ilə birgə olan şəxsdir. Ey insanlar, onu üstün bilin, çünki Allah-taala onu üstün qərar verib. Onu qəbul edin, çünki Allah onu bu məqama təyin edib. Ey insanlar, o, Allah tərəfindən olan imamdır. Allah onun vilayətini inkar edən heç bir şəxsin tövbəsini qəbul etməz. Allah həmin şəxsi heç vaxt bağışlamaz. Allah onun (Əli) barədə olan əmrinə qarşı çıxan şəxslə bu cür rəftar edəcək və onu əbədi olan şiddətli bir əzabla cəzalandıracaq. Onunla müxalifətçilik etməkdən çəkinin. Əks təqdirdə aqibətiniz “kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan od” olacaq. Ey insanlar, Allaha and olsun ki, məndən əvvəl gələn bütün peyğəmbərlər və rəsullar mənimlə müjdələnib. Mən peyğəmbərlərin və rəsulların sonuncusuyam. Yerlərdə və göylərdə olan bütün yaranmışlara Allahın höccətiyəm. Kim bunda şəkk edərsə, cahiliyyət küfrü ilə kafir olmuşdur. Kim mənim (Əli barədə) dediyim bu sözlərdə şəkk edərsə, mənim bütün sözlərimə şəkk etmiş sayılar, bu barədə şəkk edən isə cəhənnəm əhlidir. Ey insanlar, Allah mənə minnət qoyaraq və tərəfindən ehsan olaraq bu fəziləti vermişdir. Mən də öz tərəfimdən hər bir halda əbədi olaraq deyirəm ki, “Ondan başqa heç bir tanrı olmayan Allah Odur. Bütün həmdlər ona məxsusdur”. Ey insanlar, Əlini üstün bilin, çünki o məndən sonra bütün kişi və qadınlardan üstündür. Allah bizə görə ruzini nazil edir və bizə görə yaranmışları (sağ) saxlayır. Kim mənim bu sözümlə razılaşmasa və onu rədd edərsə, lənətlənmişdir, lənətlənmişdir, qəzəbə düçar olmuşdur, qəzəbə düçar olmuşdur! Cəbrail bunu mənə Allah tərəfindən xəbər verərək belə deyir: “Kim Əli ilə düşmənçilik edərək onun rəhbərliyini qəbul etməzsə, ona mənim lənətim və qəzəbim olsun. “Hər kəs sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə nəzər salmalıdır. Allahdan – onunla müxalifətçilik etmək barədə – qorxun ki, Allah etdiklərinizdən xəbərdardır”. Ey insanlar, həqiqətən o (Əli), Allahın kitabında zikr olunmuş: “Məbada kimsə (qiyamət günü) ”əfsus, Allah yanında etdiyim səhlənkarlığa görə!” ayəsindəki “Allahın yanı”dır (“cənbi”dir). Ey insanlar, Quran barədə təfəkkür edin, onun ayələrini başa düşün. Onun möhkəm ayələrinə baxın, mütəşabih ayələrinə tabe olmayın. Allaha and olsun ki, Quranın hüdudlarını sizə bəyan edən və onun təfsirini sizə açıqlayan yalnız əlindən tutub özümə tərəf çəkdiyim və qolunu qaldırdığım bu şəxsdir. Sizə bildirirəm ki, mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. O mənim qardaşım, vəsim və vilayəti Allah tərəfindən mənə nazil olunmuş Əli ibn Əbu Talibdir. Ey insanlar, həqiqətən, Əli və onun pak övladları mənim sizin aranızda qoyduğum kiçik əmanət, Quran isə böyük əmanətdir. Onlardan hər biri digəri haqqında xəbər verir. Bir-birinə müvafiqdirlər. Onlar hovuzun kənarında mənə çatana qədər bir-birindən heç vaxt ayrılmazlar. Onlar Allahın yaratdıqları içində olan əminləridir. Yer üzərində təyin etdiyi hakimlərdir. Agah olun, mən (Allahın tapşırığını) yerinə yetirdim. Agah olun, mən çatdırdım. Agah olun, mən eşitdirdim. Agah olun, mən izah etdim. Agah olun, (bunu) Allah buyurdu və mən Allah tərəfindən dedim. Agah olun, mənim bu qardaşımdan başqa əmirəlmöminin (möminlərin əmiri) yoxdur və məndən sonra möminlərin əmirliyi ondan başqa heç kimə halal deyil”. Sonra əli ilə onun qoluna vurub yuxarı qaldırdı. Həzrət Əli Peyğəmbərin (s) çıxdığı yerin aşağısında idi. (Peyğəmbər (s) Əlini (ə) elə yerə qaldırdı ki, həmin yerdə) o Həzrətin ayaqları Peyğəmbərin (s) dizi ilə bərabər oldu. Sonra Peyğəmbər (s) buyurdu: “Ey insanlar, bu, qardaşım, vəsim, mənim elmimin daşıyıcısı, ümmətim və Allahın kitabının təfsiri üçün təyin etdiyim xəlifəm olan Əlidir. O, Allaha tərəf çağıran, onun razı olduğu işləri yerinə yetirən, onun düşmənləri ilə döyüşən, ona itaət edənlə isə dost olan, günah etməkdən çəkindirən, Peyğəmbərin xəlifəsi, möminlərin əmiri, hidayət edici imam, Allahın əmri ilə “nakisin” (əhdi pozanlar) , “qasitin” (zülm edənlər) və “mariqin” (dindən çıxanlar) ilə döyüşəndir. Heç bir sözü dəyişmədən Rəbbimin əmri ilə deyirəm ki, ilahi, onu dost tutanı sən də dost tut, onunla düşmən olana sən də düşmən ol! Onu inkar edənə lənət et! Onun haqqı barədə inad edənə öz qəzəbini şamil et! İlahi, sən mənə nazil edib bildirmisən ki, məndən sonra imamət sənin vəlin olan Əlinindir. Mən də bunu bəyan etmişəm və onu bu məqama təyin etmişəm ki, sən öz bəndələrinə dinini kamil edəsən, onlara olan nemətini tamamlayasan və onlar üçün İslamın din olmasına razı olasan. Özün buyurmusan ki, “Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir” (“Ali-İmran” surəsi, 85-ci ayə). İlahi, mən səni şahid tuturam — və sənin şahidliyin kifayətdir — ki, mən (sənin tapşırığını) çatdırdım. Ey insanlar, Allah sizin dininizi onun (Əlinin) imaməti ilə kamil etdi. Kim onun və qiyamətə qədər onun yerində oturacaq onun nəslindən olan övladlarımın imamətini qəbul etməzsə, “onlar əməlləri puça çıxmış” halda cəhənnəmdə olacaqlar və “əbədi olaraq orada qalacaqlar. Onların nə əzabı yüngülləşdirilər və nə də onlara möhlət verilər”. Ey insanlar, bu Əli sizin aranızda mənə ən çox kömək edən, mənə sizdən daha layiq olan, mənə sizdən daha çox yaxın olan və mənə ən əziz olan biridir. Allah və mən ondan razıyıq. Allahın razılığı barədə nazil olmuş ayələr onun barəsindədir. Allah “ey iman gətirənlər” deyə xitab etdikdə ilk ona xitab etməklə başlayır. Qurani-Kərimdə olan tərif ayələri onun barəsindədir. “Həl əta ələl-insan” surəsində Allah onun üçün cənnət vədəsi verir. Bu ayəni ondan başqası üçün nazil etməmişdir və onunla Əlidən başqasını tərif etməmişdir. Ey insanlar, o, Allahın dininə kömək edən, Peyğəmbərin tərəfini saxlayandır. O, təqvalı, pak, hidayət edən və hidayət olunmuşdur. Peyğəmbəriniz ən üstün peyğəmbər, vəsiniz də ən üstün vəsidir. Onun övladları da ən üstün vəsilərdir. Ey insanlar, bütün peyğəmbərlərin zürriyyəti onun öz sülbündəndir. Mənim zürriyyətim isə Əlinin sülbündəndir. Ey insanlar, İblis Adəmi cənnətdən həsəd ilə çıxardı. Əliyə həsəd etməyin. Əks təqdirdə əməlləriniz puç olar və ayaqlarınız sürüşər. Adəm Allahın seçilmiş bəndəsi olduğu halda, bir xəta ilə cənnətdən yerə endirildi. Siz bu cür olduğunuz halda və içinizdə Allahın düşmənləri olduğu halda vəziyyətiniz necə olar? Əliyə ancaq bədbəxt bir şəxs düşmən olar. Əlinin vilayətini yalnız təqvalı şəxs qəbul edər. Ona yalnız xalis mömin iman gətirər. Allaha and olsun ki, “Əsr” surəsi onun haqqında nazil olmuşdur: “Bağışlayan və mehriban Allahın adı ilə. And olsun əsr vaxtına. Şübhəsiz, insan ziyan içindədir. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edənlərdən başqa”. Ey insanlar, Allahı şahid tutaraq sizə öz risalətimi (tapşırığımı) çatdırdım. “Peyğəmbərin vəzifəsi yalnız aşkar (tapşırığı) çatdırmaqdır”. Ey insanlar, “Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün”. Ey insanlar, (Allahın) “bəzi üzləri məhv edərək arxalarına çevirməmişdən əvvəl” Allaha, Peyğəmbərə və onunla yanaşı nazil olmuş nura (Əliyə) iman gətirin. Ey insanlar, Allah tərəfindən olan nur məndədir, sonra isə Əlidə. Ondan sonra qiyam edən Mehdiyə qədər onun nəslində qalacaq. O (Mehdi), Allahın və bizim bütün haqlarımızı alacaq. Çünki Allah bizi bütün aləmlərdən olan müqəssirlərə, inadkarlara, müxaliflərə, xainlərə, günahkarlara və zalımlara höccət qərar verib. Ey insanlar, sizə bildirirəm ki, mən Allahın elçisiyəm. Məndən əvvəl də elçilər olub gediblər. Əgər ölsəm və ya öldürülsəm, “siz öz keçmişinizə qayıdacaqsınız?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükür edənləri mükafatlandıracaqdır”. Agah olun, Əli və ondan sonra onun sülbündən olan övladlarım səbir və şükürlə vəsfləniblər. Ey insanlar, Allaha öz İslamınızla (ona təslim olmağınızla) minnət qoymayın. Əks halda sizə qəzəblənər və sizi öz yanından olan məxsusi bir əzaba düçar edər. Həqiqətən o, nəzarətedəndir. Ey insanlar, məndən sonra (insanları) cəhənnəm oduna çağıran imamlar olacaq. “Qiyamət günü onlara kömək edilməyəcək!” “Təkəbbürlülərin yeri çox pis bir yerdir!” Ey insanlar, həqiqətən Allah və mən o şəxslərdən uzağıq. Ey insanlar, onlar, onların köməkçiləri, onlara tabe olanlar və onların tərəfdarları “odun ən aşağı təbəqəsindədirlər”. Agah olun, onlar səhifə əhlidirlər. Sizdən hər biriniz öz səhifənizə nəzər yetirin”. (Ravi deyir: İmam Baqir (ə)) belə buyurdu: “İnsanlardan çox cüzi bir hissəsi istisna olmaqla digərləri səhifə məsələsini unutdular”. (Peyğəmbər:) “Ey insanlar, mən qiyamət gününə qədər imamət və vərasəti öz zürriyyətimdə qoyuram. Mən çatdırılmağına əmr olunduğum şeyi çatdırdım. Bu, burada olan və olmayana, bütün bunu müşahidə edən və etməyənə, doğulan və doğulmayana höccətdir. Burada olan olmayana, doğulan doğulmayana qiyamətə qədər bunu çatdırsın. Onlar (cəhənnəmə çağıran imamlar) isə imaməti qəsb edəcəklər və onu səltənətə çevirəcəklər. Qəsbkarlara Allahın lənəti olsun! O zaman, “ey insan və cin dəstələri! Tezliklə sizinlə məşğul olacağıq”. “Sizin üstünüzə alov şöləsi və qatı tüstü, yaxud əridilmiş mis parçaları göndəriləcək, onda özünüzü əsla müdafiə edə bilməyəcəksiniz”. Ey insanlar, sizi “Allah xəbisi pakdan ayırana kimi sizin indi olduğunuz halda qoyan deyildir. Və Allah sizi qeyb sirlərindən xəbərdar edən deyildir”. Ey insanlar, Allah qəsəbələri yalnız (haqqı) təkzib etdiklərinə görə həlak edib. Həmçinin Allah özü bildirdiyi kimi zalım qəsəbələri məhv edəcək. Bu Əli sizin imamınız və ixtiyar sahibinizdir. O, Allahın verdiyi bir vədədir. Allah öz vədəsini gerçəkləşdirəcək. Ey insanlar, sizdən əvvəldəkilərin əksəriyyəti yolunu azdı. Allah əvvəldəkiləri məhv etdi və o, sonradan gələnləri də məhv edəndir. Allah-taala buyurur: “Məgər biz əvvəlkiləri məhv etmədikmi?! Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik. Biz günahkarlarla belə rəftar edirik. O gün təkzib edənlərin vay halına!” Ey insanlar, Allah mənə əmr etdi və məni çəkindirdi, mən də Əliyə əmr edib, onu çəkindirdim. O da Rəbbi tərəfindən olan əmr və qadağaları bildi. Onun əmrinə qulaq asın ki, salamat qalasınız. Ona itaət edin ki, hidayət olasınız. Onun qadağan etdiklərindən çəkinin ki, doğru yolda olasınız. Onun istədiyinə tərəf gedin və digər yollar sizi onun yolundan ayırmasın. Ey insanlar, mən Allahın sizə ona tabe olmağınızı əmr etdiyi doğru yolam. (Həmin doğru yol) məndən sonra Əli, ondan sonra onun sülbündən olan zürriyyətimdir. Onlar “haqqa hidayət edən və haqqa əsaslanaraq ədalətli olan” imamlardır”. (İmam Baqir (ə) buyurur:) Sonra Peyğəmbər “bütün həmdlər aləmlərin rəbbinə məxsusdur” ayəsindən başlayaraq (“Fatihə” surəsini) axıra kimi oxudu. Sonra belə buyurdu: “(Bu oxuduğum “Fatihə” surəsi) mənim haqqımda və bu şəxslər haqqında nazil olub. (Bu surə) onlara şamil olub və onlara məxsusdur. Onlar Allahın dostlarıdır. “Onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. “Bilin ki, yalnız Allahın dəstəsi qələbə çalanlardır”. Bilin ki, Əlinin düşmənləri yalnız ixtilaf salanlar, münafiqlər, (Allaha) qarşı çıxanlar, (Allahın) düşmənləri və “bəzisinin digər bəzisinə sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürdükləri” şeytanın qardaşlarıdırlar. Bilin ki, onların (Əlinin və zürriyyətindən olan imamların) dostları həmin o şəxslərdir ki, Allah-taala onları zikr edərək belə buyurur: “Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun rəsulu ilə düşmənçilik edənlərlə dostluq etdiyini görməzsən...” Bilin ki, onların dostları o şəxslərdir ki, Allah-taala onları vəsf edərək belə buyurur: “İman gətirib imanlarını zülmə qarışdırmayanlar üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır”. Bilin ki, onların dostları o şəxslərdir ki, Allah-taala onları vəsf edərək belə buyurur: “Onlar əmin-amanlıq içərisində cənnətə daxil olanlardır. Mələklər onları salamla qarşılayaraq “Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” — deyərlər. Bilin ki, onların dostları o şəxslərdir ki, Allah-taala onlar haqqında belə buyurur: “Onlar hesabsız (ruzisi) olan cənnətə daxil olarlar”. Bilin ki, onların düşmənləri alovlu oda atılacaqlar. Bilin ki, onların düşmənləri cəhənnəmin dəhşətli uğultuyla qaynadığını və onun xışıltısını eşidəcəklər. Bilin ki, onların düşmənləri o şəxslərdir ki, Allah-taala onlar haqqında belə buyurur: “Hər tayfa oda girdikdə digərlərini lənətləyəcəkdir”. Bilin ki, onların düşmənləri o şəxslərdir ki, Allah onlar barədə belə buyurur: “Hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: “Məgər (dünyada) sizə bir qorxudan gəlməmişdimi?” Deyərlər: “Bəli, şübhəsiz, bizə bir qorxudan gəlmişdi, lakin biz onu təkzib etdik və dedik: “Allah heç bir şey nazil etməmişdir. Siz ancaq böyük bir azğınlıq içindəsiniz”. Bilin ki, onların dostları o şəxslərdir ki, Allah onlar haqqında belə buyurur: “Əlbəttə, öz Rəbbindən onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.” Ey insanlar, cənnətlə cəhənnəm arasında nə qədər böyük məsafə var. Bizim düşmənimiz Allahın pislədiyi və ona lənət etdiyi şəxslər, dostlarımız isə Allahın sevdiyi və təriflədiyi şəxslərdir. Ey insanlar, bilin ki, mən çəkindirənəm və Əli hidayət edəndir. Ey insanlar, mən peyğəmbər, Əli isə mənim vəsimdir. Bilin ki, imamların sonuncusu bizdən olan qiyam edəcək Mehdidir. Bilin ki, o, dini çox yaxşı biləndir. Bilin ki, o, zalimlərdən intiqam alandır. Bilin ki, o, (zalimlərin) qalalarını fəth edərək onları məhv edəndir. Bilin ki, o, şirk əhlindən olan hər bir qəbilə ilə döyüşəndir. Bilin ki, o bütün Allah dostlarının qanını alacaq. Bilin ki, o, Allahın dininə kömək edəndir. Bilin ki, o, dərin dəryada bol su sahibidir. Bilin ki, o bütün fəzilət sahiblərini sahib olduqları fəzilətlə və bütün cəhalət sahiblərini sahib olduqları cəhalətlə əlamətləndirəcək. Bilin ki, o, Allahın seçib ixtiyar etdiyi şəxsdir. Bilin ki, o bütün elmlərin varisi və onları əhatə edəndir. Bilin ki, o, Rəbbindən xəbər verən və (bəndələrin) ona iman gətirməsi üçün (onları qəflət yuxusundan) oyadandır. Bilin ki, o, doğru yolu göstərən və doğru biridir. Bilin ki, (dinin işləri) onun öhdəsinə qoyulub. Bilin ki, keçmişdəkilər onun müjdəsini veriblər. Bilin ki, o, Allahın yer üzərində qalan höccətidir. Ondan sonra höccət yoxdur. Haqq yalnız onunladır. Nur yalnız onun yanındadır. Bilin ki, ona qalib gələn heç bir şəxs yoxdur. Bilin ki, o, Allahın yer üzərindəki vəlisidir. Yaratdıqları içindəki hakimidir. Gizlində və aşkarda olan əminidir. Ey insanlar, artıq (həqiqətləri) sizə bəyan etdim və başa saldım. Məndən sonra bu Əli sizi başa salacaq. Agah olun, mən xütbəmi qurtardıqdan sonra sizi ona beyət etmək üçün ilk öncə mənimlə əllə görüşüb beyət etməyə və (dediklərimi) təsdiqləməyə, məndən sonra isə onunla görüşüb beyət etməyə çağırıram. Agah olun, mən Allaha beyət etmişəm, Əli də mənə beyət edib. Mən Allah tərəfindən sizdən Əli üçün beyət alacağam. “Kim əhdi pozsa, yalnız öz ziyanına pozur”. Ey insanlar, həqiqətən həcc, səfa və mərvə, ümrə Allahın əlamət və nişanələrindəndir. “Allah evinin həcc ziyarətini edən, yaxud ümrəni yerinə yetirən şəxsin o ikisini təvaf etməsində ona heç bir günah yoxdur”. Ey insanlar, Allah evinin həcc ziyarətinə gedin. Hansı evin əhli oranı ziyarət edərsə, ehtiyacsız olar. Kim (gücü çatdığı halda) onu ziyarət etməzsə, ehtiyaclı olar. Ey insanlar, həcdə dayanan hər bir şəxsin orada dayandığı vaxta qədər olan bütün keçmiş günahlarını Allah bağışlayar. Ey insanlar, həccə gedənlərə (Allah tərəfindən) kömək olunar və onların ödədikləri xərcləri onlara geri qaytarılar. Allah “yaxşı iş görənlərin mükafatını puç etməz”. Ey insanlar, həcci dinin hökmlərinə tam riayət etməklə və onları öyrənərək ziyarət edin. Həmin yerlərdən tövbəsiz və (günahları) tərk etmədən qayıtmayın. Ey insanlar, Allahın sizə əmr etdiyi kimi namaz qılın və zəkat verin. Əgər uzun zaman keçməsinə görə təqsir etsəniz və ya unutsanız, məndən sonra Əli sizin vəliniz və Allahın təyin etdiyi (hökmləri) sizə bəyanedəndir. Ondan sonra Allahın xəlifə təyin etdiyi məndən və Əlidən olan xəlifələr sizə soruşduqlarınız barədə xəbər verəcək və sizin bilmədiklərinizi sizə açıqlayacaqlar. Bilin ki, halal-haramlar mənim bir yerdə onları sizə sayacağım, bütün halallara əmr edəcəyim və haramlardan çəkindirəcəyim miqdardan çoxdur. Buna görə də mənə əmr olunub ki, sizdən möminlərin əmiri Əli ibn Əbu Talib və ondan sonra olacaq imamlar barədə Allah tərəfindən gətirdiklərimi qəbul etməyiniz barədə beyət alım. Həmin imamlar məndən və Əlidəndir; onlar qiyamətə qədər olacaq imamlardır; haqq ilə hökm edəcək Mehdi də onlardandır. Ey insanlar, mənim sizə göstərdiyim bütün halallar və sizi çəkindirdiyim bütün haramlar (qiyamətə qədər davam edəcək) və mən onların heç birini geri götürmürəm və heç birini dəyişdirmirəm. Bunları xatırlayın və hifz edin. Bir-birinizi ona dəvət edin və onları dəyişdirməyin. Mən öz sözümü yenidən sizə deyirəm: namaz qılın, zəkat verin, yaxşı işlərə dəvət edin, pis işlərdən çəkindirin. Bilin ki, yaxşı işlərə əmr edib, pis işlərdən çəkindirməyin əsası mənim sözümü qəbul edib onu burada olmayan şəxsə çatdırmaq, həmin şəxsi sözümü qəbul etməyə çağırmaq və onunla müxalifətçilik etməkdən çəkindirməkdir. Çünki bu, Allah və mənim tərəfimdən olan bir əmrdir. Yaxşılığa dəvət etmək və pislikdən çəkindirmək yalnız məsum imamla birgə olar. Ey insanlar, Quran sizə bildirir ki, ondan (Əlidən) sonra imamlar onun nəslindəndir və mən də sizə bildirdim ki, o məndəndir, mən də ondanam. Belə ki, Allah-taala buyurur: “Və (Allah) onu (imaməti) onun nəslinin arasında əbədi (qalan) kəlmə etdi”. Mən də sizə demişəm ki, əgər o ikisinə (Quran və Əhli-beytimə) sarılsanız, yolunuzu heç vaxt azmayacaqsınız. Ey insanlar! Təqva... Təqva... Qiyamət günündən qorxun! Necə ki Allah-taala buyurur: “Həqiqətən qiyamətin zəlzələsi çox böyük bir şeydir”. Ölümü, hesabı, tərəziləri, Allah qarşısındakı sorğu-sualı, savab və cəzanı xatırlayın. Kim yaxşı işlərlə gələrsə, ona görə savab veriləcək. Kim pis işlərlə gələrsə, onun cənnətdə heç bir nəsibi olmayacaq. Ey insanlar, siz mənimlə tək-tək əllə görüşüb beyət etmək üçün çoxsunuz. Allah mənə əmr edir ki, sizin dillərinizdən Əli və bildirdiyim kimi ondan sonra gələcək, məndən və ondan olan — necə ki sizə bildirmişdim ki, mənim zürriyyətim onun nəslindən olacaq — imamların möminlərə rəhbər olmaları barədə bağladığım əhd üçün təsdiq alım. Hamılıqla belə deyin: “Biz rəbbimiz və rəbbin tərəfindən Əli və onun nəslindən olan imamların işi barədə bizə çatdırdığına qulaq asır, itaət edir, razı olur və boyun əyirik. Bunun üzərində sənə qəlblərimiz, canlarımız, dillərimiz və əllərimizlə beyət edirik. Bu əhd üzərində yaşayır, ölüb və diriləcəyik. (Bu əhdi) dəyişdirməyəcək, o barədə şəkk və şübhə etməyəcək və bağladığımız əhddən geri dönməyəcək, onu sındırmayacağıq. Allaha, sənə, möminlərin əmiri olan Əliyə və sənin qeyd etdiyin kimi Həsən və Hüseyndən sonra sənin zürriyyətindən, Əlinin nəslindən olan imamlara itaət edəcəyik”. (Daha sonra Peyğəmbər (s) belə buyurdu:) mən sizə o ikisinin (Həsən və Hüseynin) mənim yanımda olan yerləri və Allah yanında olan məqamları haqqında xəbər vermişəm. Bunu sizə çatdırdım. O ikisi cənnət cavanlarının ağasıdır və onlar ataları Əlidən sonra imamdırlar. Mən Əlidən qabaq onların atasıyam. Deyin ki, biz bunun əsasında Allaha, sənə, Əliyə, Həsənə, Hüseynə və sənin qeyd etdiyin imamlar və möminlərin əmiri üçün alınan əhd-peymana öz qəlblərimizlə, canlarımızla, dillərimizlə və burada əl ilə görüşməyə imkanı olanlarımızdan əllərimizlə beyət edib itaət edirik. Bu əhd və peymanı öz dilimizlə təsdiq edirik. Bu əhdi heç vaxt dəyişdirməyəcəyik. Allahı buna şahid tuturuq. Allah şahid olaraq kifayətdir. Sən də bizim üzərimizdə şahidsən. Allaha aşkarda və gizlində itaət edən bütün mələkləri, qoşunları və bəndələrini də şahid tuturuq. Allah bütün şahidlərdən böyükdür. Ey insanlar, hər dediyiniz sözü və qəlbinizdə gizlətdiklərinizi Allah bilir. Kim hidayət olarsa, “bu onun özü üçün xeyirlidir. Kim azğınlığa düşərsə, öz əleyhinə azğınlığa düşmüş olar”. Kim (Əliyə) beyət edərsə, Allaha beyət etmiş olar. “Allahın əli onların əlinin üzərində olar”. Ey insanlar, Allahdan qorxun, möminlərin əmiri Əliyə, Həsənə, Hüseynə və həmişə qalacaq pak kəlmə olan imamlara beyət edin. Beyətinə vəfasızlıq edəni Allah həlak edəcək. Ona vəfalı olana isə Allah rəhm edəcək. “Kim beyətini sındırarsa, öz əleyhinə sındırmış olacaq”. Ey insanlar, dediyim sözləri siz də təkrar edin və Əliyə “əmirəlmöminin” (möminlərin əmiri) deyərək salam verin. Deyin ki, “Eşitdik və itaət etdik; ey Rəbbimiz, Sənin bağışlamanı diləyirik; qayıdış Sənə tərəfdir”. (Daha sonra) deyin ki, “Bütün həmd və şükürlər bizi buna hidayət etmiş Allaha məxsusdur və əgər Allah bizi hidayət etməsəydi, biz hidayət olmazdıq”. Ey insanlar, Əli ibn Əbu Talibin fəzilətləri Allah yanındadır. Allah Qurani-Kərimdə onun fəzilətləri haqqında mənim burada bir dəfəyə zikr edə bilməyəcəyim qədər ayə nazil edib. Kim sizə onları xəbər versə və öyrətsə, onu təsdiqləyin. Ey insanlar, kim Allaha, Onun rəsuluna, Əliyə və zikr etdiyim imamlara itaət edərsə, əzəmətli bir səadətə nail olar. Ey insanlar, onunla beyət etməyə, onun vilayətini qəbul etməyə və ona “möminlərin əmiri” deyərək salam verməyə tələsən şəxslər nemət dolu cənnət bağlarında səadətə çatanlardır. Ey insanlar, Allahın sizdən razı qalacağı sözü deyin. Əgər siz və yer üzərində olanların hamısı kafir olsa, Allaha heç bir ziyan vurmaz. İlahi, möminləri bağışla, kafirlərə öz qəzəbini nazil et! Bütün həmdlər aləmlərin rəbbinə məxsusdur”. Camaat uca səslə: “Allahın və onun rəsulunun əmrinə öz qəlblərimiz, dillərimiz və əllərimizlə eşitdik və itaət etdik” – deyərək izdihamlı şəkildə Peyğəmbərin və Əlinin üstünə gəldilər və əlləri ilə onunla görüşməyə başladılar. Peyğəmbərə əli ilə ilk beyət edən şəxs “birinci”, “ikinci”, “üçüncü”, “dördüncü”, “beşinci”, mühacir və ənsarın digər üzvləri (olmuşdular), daha sonra isə digər insanlar hər biri öz mərtəbəsinə uyğun olaraq beyət etdilər. Bu hadisə məğrib və işa namazlarını birlikdə qılana qədər davam etdi. Bu iş üç dəfə təkrar oldu. Hər bir qövm beyət etdikdə Peyğəmbər (s) buyurardı: “Bütün həmdlər bizi bütün aləmlərdən üstün etmiş Allaha məxsusdur”. Bundan sonra əl ilə görüşüb beyət etmək sünnə halını aldı. Hətta bunu bu işə haqqı olmayanlar da işlətməyə başladılar”. İmam Sadiqdən (ə) rəvayət olunur ki, o Həzrət belə buyurub: “Allahın Rəsulu bu xütbəni tamamladıqdan sonra insanlar gözəl iyi olan parlaq üzlü qəşəng simaya malik bir kişini gördülər. O belə deyirdi: “Allaha and olsun, Məhəmmədi bugünkü kimi heç vaxt görməmişəm. O, əmisi oğlu üçün necə də şiddətli təkid edir. Onun üçün elə bir əhd alır ki, o əhdi yalnız kafirlər poza bilər. Əzəmətli Allaha və onun rəsuluna and olsun ki, onun əhdini pozan üçün çox uzun bir vay (əzab) var”. İmam Sadiq (ə) buyurur: “Ömər ibn Xəttab onun sözünü eşitdikdə ona tərəf baxdı. Onun görünüşü Öməri təəccübə gətirdi. Sonra Peyğəmbərə tərəf yönələrək belə dedi: “Bu şəxsin nə dediyini eşitmədin? O “belə və belə” dedi”. Peyğəmbər (s) belə buyurdu: “Ey Ömər, bu şəxsin kim olduğunu bilirsən?” Ömər dedi: “Xeyr”. Peyğəmbər (s) buyurdu: “O, Ruhul-əmin olan Cəbraildir. (Ey Ömər,) məbada mənim əhdimi sən pozmuş olasan. Əgər mənim bu əhdimi pozmuş olsan, Allah, onun rəsulu, mələklər və möminlər səndən bezarlıq edərlər”.

Mətn Ərəb

-

Quran təfsiri

Surələrin fəziləti

-